Təyyar Bayramov: "Muğam müsabiqəsinin şəffaf keçdiyi şübhəsizdir"
    • 19-04-2019, 17:50
    • 2 784

Təyyar Bayramov: "Muğam müsabiqəsinin şəffaf keçdiyi şübhəsizdir"

Cəmiyyət arasında Muğam müsabiqəsi ilə bağlı bəzi şaiyələr yayılmaqdadır. Müsabiqənin qiymətləndirilməsində daha çox üstünlüyü ustad tələbələrinə verildiyi bildirilir. 

Hazırda 4 tələbəsi müsabiqədə çıxış edən xanəndə Təyyar Bayramov News24.az-a muğam müsabiqəsi ilə bağlı deyilən şayiələrin əsassız olduğunu bildirdi:

“VII Muğam müsabiqəsi iki aydır start götürüb. Tələbələrim də iştirak edir. Hazırda bütün işlərimi dayandırıb, tələbələrimi bu çıxışlara hazırlayıram. Xalqın gözü tərəzidir. Münsiflərimiz illərlə sevilib-seçilən, hər zaman qulaq asdığımız, şəxsiyyətlərinə hörmət etdiyimiz insanlardır. Bilirsiniz, bəzən kənardan baxan hansısa ifaçıda qüsuru görə də, görməyə də bilərsiniz. Mən də əvvəllər özüm az məşğul olanda filankəsin səsi daha yaxşıdır deyə, düşünürdüm. Artıq təcrübə çoxaldıqca, əksini gördüm. Ustadlar əvvəllər məndə qüsur tutanda, deyirdim nəyi pisdi, yaxşı oxumuşam axı. İllər keçdikcə gördüm ki, yox, heç də belə deyil. Biz bunu indi öyrənirik, amma ustadlar 30-40 il bu yolu keçib. Tələbə ağzını açan kimi bilirlər ki, düz oxuyur, ya yox. Artıq mən də ustad kimi fəaliyyət göstərirəm, ustadlarımızdan, qocaman sənətkarlarımızdan üzr istəyirəm. Onların da dediyi kimi, bu yol davam etməlidir. Muğam müsabiqəsinin şəffaf keçdiyi şübhəsizdir. Bəzən istedadlı ifaçılar özünü göstərə bilməyəndə, ona güzəşt edirlər, çünki ustad onda nə isə görür ki, bu qərara gəlir. Sonra o öz nəticəsini verir. Amma elə ifaçılar da olur ki, ümid bəslənir, o ümidləri doğrultmur. 2015-ci ildə bir tələbəm 2-ci yeri tutub, 2017-ci ildə isə 3 tələbəm qalib olub. Orda şəffaflıq olmasaydı, mənim tələbəmin birinə Qran-pri, Pərviz Qasımova birinci yerin mükafatı verilərdimi?! Digər tələbəm də ikinci yerin mükafatını əldə etdi. Kimin tələbəsi olur-olsun layiqli tələbəyə yüksək yer verilir. İndiki yarışda da 4 tələbəm çıxış edir, biri artıq çıxıb. Fərqi yoxdur, kimin tələbəsi qalib olsa, bu, muğamımızın uğurudur”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi davam etdirilir. Dörd ay davam etdirilən builki müsabiqədə 20 iştirakçı qələbə üçün mübarizə aparır. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

Münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. AzTV və “Mədəniyyət” kanalları müsabiqənin ilk həftəsini martın 12-14-də yayımlanır.

Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində “Mədəniyyət” kanalı vasitəsilə canlı olaraq yayımlanır.  

Afaq MİRAYİQ