-
- 27-02-2024, 00:05
- 1 559
"Artıq xalqımız torpaqlarımızın işğal gününü deyil, azad edildikləri tarixi qeyd edir"
Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı rəhbərliyinin üzərinə düşür. Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. Əgər Ermənistan vaxtında cəzalandırılsa və ona sanksiyalar tətbiq edilsə idi bu qədər irəli gedərək yeni cinayətlər törətməyə çalışmazdı. Cəzasızlıq Ermənistanda arxayınlıq yaratmışdı. Düşünürdülər ki, hər zaman belə olacaq. Ancaq Azərbaycanın “dəmir yumruğu” bu dəfə çox möhkəm oldu. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Əgər onlar yenə eyni əməlləri törətməyə cəhd etsələr, yenə də Azərbaycanın sərt yumruğu ilə qarşılaşacaqlar. Prezident İlham Əliyev cari ilin 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib ki, otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir. “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Tarixi ədaləti bərpa etmişik. Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq. Buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaradırdı.”
Deputat diqqətə çatdırıb ki, 30 il Azərbaycan əksər dünya güclərindən ədalət gözlədi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın. Amma bu ədaləti Azərbaycan özü bərpa etməli oldu və etdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədalətin bərpa olundu. 30 il Ermənistana dəstək olan, sülh danışıqları prosesinin uzanmasına səbəb olan əksər dünya gücləri bu reallığı qəbul etdilər.Ədaləti və beynəlxalq hüququ maraqların arxasında gizlətməyə nə qədər cəhdlər edilsə də, sonda zəfər calan yenə də ədalət oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində rəşadətli ordumuz dünya güclərinin 30 ildə edə bilmədiklərini 44 gündə etdi. Mümkünsüzü mümkün etdi. Baxmayaraq ki, 30 illik işğal dövründə Ermənistana dəstək verən dövlətlər belə rəy yaratmağa çalışırdılar ki, münaqişənin hərb yolu ilə həlli mümkünsüzdür.
Deputat əlavə edib ki, dünyaya səs salan möhtəşəm Zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Artıq xalqımız torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi böyük qürur hissi ilə qeyd edir. Ötən ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizin hər daşı, qayası ermənilər vəhşiliklərinə şahidlik edir. Bu gün qürurla qeyd edirik ki, 30 ildə ermənilərin tamamilə dağıtdıqları, yerlə-yeksan etdikləri torpaqlarımız nəhəng quruculuq meydançasına çevrilib. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Dövlət başçımızın qeyd etdiyi kimi, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.