Azərbaycanda daha bir kişi boşanandan sonra uşaqların atası olmadığını ÖYRƏNDİ
    • 1-03-2024, 12:38
    • 683

Azərbaycanda daha bir kişi boşanandan sonra uşaqların atası olmadığını ÖYRƏNDİ

Xəbər verdiyimiz kimi, Türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Öndər Tulumbacı vəkil Əkrəm Həsənovu məhkəməyə verib. Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. 

İddialarla bağlı News24.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, məhkəmənin baxış iclası bu gün 14:30-da keçiriləcək:

"Mən yazıda həmin şəxsin adını çəkmişəm, ancaq Ali Məhkəmənin qərarını dərc etmişəm. Ali Məhkəmənin qərarında deyilir ki, belə bir məhkəmə işi olub. Ərlə arvad arasında 2005-ci nikah bağlanıb. Övladı olmayan cütlük dörd il sonra, 2009-cu ildə tibb müəssisələrindən birinə müraciət edərək türkiyəli həkim Öndər Tulumbacının rəhbərliyi ilə süni mayalanma etdiriblər. Nəticədə cütlüyün əkiz övladı doğulub. Lakin uşaqlar doğulandan 7 il sonra cütlük boşanıb və yalnız bu zaman kişi övladı bildiyi uşaqların bioloji atası olmadığını öyrənib.

Öndər Tulumbacı və ana isə deyir ki, kişi bunu əvvəldən bilib və yazılı razılıq da verib. Ancaq məhkəmədə həmin razılığı göstərə bilməyiblər. Mən də feysbuk statusumda bunları olduğu kimi yazmışam. Ali Məhkəmənin qərarını dərc etmişəm və demişəm ki, bu qərarla razı deyiləm, səhv qərardır. Sonra da cəmiyyətə müraciət etmişəm ki, ehtiyatlı olun. Mən heç kimə böhtan atmamışam. Həkim isə emosianal şəkildə şikayət edib və məni faktlara görə yox, fikrimə görə ittiham edir. Fikir isə böhtan ola bilməz. Tamamilə qeyri-ciddi, gülməli ittihamdır. Həkim deyir ki, mənə hər gün yüzlərlə pasiyent müraciət edirdi. Statusdan sonra isə müraciətlər azalıb. Həkimi qane etməyən odur ki, məsələ ictimailəşib".  

Hüquqşünas buna oxşar məhkəmə işlərinin də olduğunu vurğulayıb:

"Ali Məhkəmənin daha bir qərarını əldə etmişəm. Başqa işlə bağlıdır, amma tamamilə bu hadisə ilə oxşardır. Ata uşaqların bioloji atası olmadığını boşanana qədər bilməyib. Həqiqəti öyrəndikdən sonra məhkəməyə verib. Klinika isə məhkəmədə kişinin razılıq ərizəsini göstərib. Kişi isə ərizədəki imzanın özünün olmadığını deyib.  Ekpertiza da müəyyən edib ki, imza saxtadır. Məhkəmə kişinin xeyrinə qərar verib". 

Xatırladaq ki, bir neçə gün əvvəl Əkrəm Həsənov sosial şəbəkə səhifəsində Öndər Tulumbacı tərəfindən süni mayalanma edilmiş qadının əkiz övladlarının olduğunu, lakin illər sonra boşanma prosesi zamanı uşaqların donor hesab edilən atadan olmadığını bildirmişdi. O, mayalanma üzrə mütəxəssis ilə qadının əlbir olaraq atanı aldatdığını, tamamilə başqa şəxsdən götürülmüş hüceyrələrlə mayalanma prosesinin həyata keçirildiyini iddia etmişdi. Hazırda həmin məsələ ilə bağlı da məhkəmə prosesi davam edir.

Qumral