Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub
    • 22-04-2019, 10:37
    • 888

Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Lerik Rayon Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevin 70 illiyi qeyd olunub.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İran İslam Respublikasının Ərdəbil vilayəti mədəniyyət baş idarəsinin rəis müavini Qərib Mənuçehri və başqaları Qabil Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edərək, onun Azərbaycan teatrının inkişafına verdiyi töhfələrdən danışıblar.

Mərasimdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Sonra teatrın aktyorları Üzeyir Hacıbəylinin əsərləri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təqdim ediblər.

Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Əlibala Əsgərov, Emin Fərzullayev, Hikmət Cəfərov, Rauf Zeynalov və Nizami Qurbanov canlandırıblar.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Xalq artisti Qabil Quliyevi qəbul edərək, ona yubiley təbriklərini çatdırıb.
Qeyd edək ki, "Olanlardan-keçənlərdən" tamaşasının premyerası 1985-ci il martın 28-də baş tutub. Teatrın repertuarında sevilə-sevilə baxılan bu tamaşa, həmçinin Azərbaycan Dövlət Televiziyasının "Qızıl Fondu"na daxil edilib.