AFFA-nın yeni prezidentinin kimliyi bilindi? - SON DƏQİQƏ
    • 5-03-2024, 14:28
    • 618

AFFA-nın yeni prezidentinin kimliyi bilindi? - SON DƏQİQƏ

Aprelin 2-də AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək.

Gündəlikdə dayanan əsas məsələ yeni prezidentin seçilməsidir.

Daha öncə xəbər verdiyimiz, daha sonra Rövnəq Abdullayevin açıqladığı kimi, o, bu seçkilərdə iştirak etməyəcək.

2008-ci ildən AFFA-ya rəhbərlik edən SOCAR-ın sabiq şefi Gəncədə keçirilən İcraiyyə Komitəsinin iclasında namizədliyini irəli sürməyəcəyini bildirib.

Bu sual futbol camiəsini çox düşündürür – görəsən, federasiyanın dördüncü prezidenti kim olacaq?

Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra bu vəzifəyə əyləşəcək şəxsin, əslində, şəxslərin ətrafında söz-söhbətlər çoxdan gedir. İndiyədək xeyli sayda fiqurun adı hallandırılıb. İstər mediada, istərsə də sosial şəbəkələrdə.

Onların arasında «Neftçi»nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin, «Zirə»nin fəxri prezidenti Orxan Məmmədovun, «Sabah»un Müşahidə Şurasının üzvü Balakişi Qasımovun, Region Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun və digərlərinin adları çəkilməkdədir.

Gələn son məlumatlara əsaslansaq, R.Nəcəf bir addım öndədir.

AFFA-nın hazırkı rəhbərliyinə yaxın mənbələr 2022-ci ilin dekabrından «Neftçi»də sədr postuna əyləşən SOCAR-ın prezidentinin federasiyaya gəlmək ehtimalının kifayət qədər yüksək olmasını deyirlər.

Onların bildirdiyinə görə, məlum ənənə pozulmayacaq və R.Nəcəf minimum qarşıdakı 4 ildə ölkə futbolunun bir nömrəli şəxsi olacaq.

Ənənə dedikdə, 1992-ci ildən bəri davam edən strategiyanı nəzərdə tuturuq. Belə ki, AFFA-nın əvvəlki 3 prezidenti də bura «Neftçi»dən gəlib.

Fuad Musayev SSRİ dönəmində Bakı şəhər partiya komitəsinin başçısı kimi «ağ-qaralar»ı kurasiya edibsə, R.Mirzəyev və R.Abdullayev klub prezidenti vəzifəsindən federasiyanın başına keçib.

R.Nəcəfin ən böyük üstünlüyü SOCAR-ın prezidenti olması və «Neftçi»yə sədrliyidir. Neft şirkəti AFFA-nın əsas sponsorudur və hər il onmilyonlarla vəsait ayırır.

SOCAR uzun illərdir bu yolla futbol qurumuna təsir imkanlarını öz əlində saxlayır və son anda plan dəyişməsə, biz hələ uzun müddət eyni mənzərəyə şahidlik edəcəyik. //sportinfo.az