Bu yol polisi daha bir insanı ölümdən qurtardı - FOTO
    • 22-04-2019, 19:51
    • 1 231

Bu yol polisi daha bir insanı ölümdən qurtardı - FOTO

Abşeron rayon sakini Arzu Zeynalov müraciət edərək Abşeron DYPŞ-nin baş inspektoru, polis kapitanı Vasif Sadıqovun onun həyatını necə xilas etməsi barədə danışıb.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, vətəndaş aprel ayının 19-u gecə saat 1 radələrində Bakıdan yaşadığı Novxanı qəsəbəsinə qayıdarkən sükan arxasında özünü pis hiss etdiyini deyib.

İdarəetməni itirəcəyindən qorxaraq avtomobilin sürətini azaldıb. Bu zaman ərazidə xidmət aparan Abşeron rayon Dövlət Yol Polisinin əməkdaşları sürücüyə saxla işarəsi veriblər. YPX əməkdaşları əvvəlcə sürücünün sərxoş olduğunu zənn ediblər, lakin sürücü bildirib ki, onun vəziyyəti pisləşib. “Əvvəlcə təcili yardım çağırmağı təklif etdilər. Amma mən dedim ki, evə getmək istəyirəm. Vasif Sadıqov məni YPX avtomobilinə əyləşdirdi. Digər YPX əməkdaşı isə mənim maşınmı sürdü. Evimizə qədər gətirdilər. Yolda təcili yardıma zəng edib evimizin ünvanını dedilər.”

Vətəndaş deyir ki, yaşadığı ev yoldan bir az kənarda məhəllədaxili olduğu üçün təcili yardım ünvanı tapmaqda çətinlik çəkib, bu zaman yol polisi əməkdaşları təcili yardımla əlaqə saxlayıb onu qarşıladılar və bizim evimizə gətirdilər. Mənim vəziyyətim yaxşı olandan sonra getdilər.

Onun sözlərinə görə, yol polisi əməkdaşlarının ona qarşı bu isti münasibəti ona çox təsir edib. “İlk dəfə idi ki, tanımadığım bir insandan belə isti münasibət görürdüm. Bu mənə çox gözəl təsir bağışladı və həqiqətən belə yol polisimiz olduğuna görə fəxr elədim. Öz adımdan, ailəmizin adından ona təşəkkür edirəm. Hətta deyərdim ki, bu təşəkkürdən artıq bir məsələdir. Əgər onlar mənim qarşıma çıxmasaydı bəlkə də mən həyatımı itirərdim. Arzu edərdim ki, bu cür polislərin sayı çox olsun. Onun mənə göstərdiyi isti münasibəti insan ancaq yaxın adamlarından görə bilərdi. Bir daha təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, Vasif Sadıqov mart ayında işlədiyi çörək sexində qolunu kəsən gənci də xəstəxanaya çatdıraraq həyatını xilas etmişdi.