-
- 13-03-2024, 19:45
- 227
AP “Süni intellekt qanunu”nu təsdiqlədi
AP Baş Assambleyasının Strasburqda keçirilən iclasında dünyada ilk geniş şəkildə süni intellekt qaydalarını gətirəcək “Süni İntellekt Qanunu” 523 “hə” və 46 “xeyr” səsi ilə qəbul edilib.
News24.az xəbər verir ki, qanuna görə, Avropa İttifaqı (Aİ) ölkələrində istifadə olunacaq süni intellekt sistemləri təhlükəsiz olmalı və fundamental hüquqlara hörmətlə yanaşmalıdır.
Süni intellekt sistemləri cəmiyyətə zərər vurma ehtimalına görə risk əsaslı şəkildə tənzimlənəcək.
Süni intellektin bəzi istifadələrində risk qəbuledilməz sayılacaq və bu sistemlərin istifadəsi qadağan ediləcək.
- İnternetdən və ya CCTV-dən üz şəkillərinin alınması, iş yerində və təhsil müəssisələrində emosiyaların tanınması, sosial qiymətləndirmə, cinsi oriyentasiya və ya dini inanclar kimi həssas məlumatları çıxarmaq üçün biometrik təsnifat qadağan ediləcək.
- İnsan davranışını manipulyasiya edən və ya insanların zəifliklərindən istifadə edən süni intellekt qadağan ediləcək.
Hüquq-mühafizə orqanları bəzi hallarda süni intellektdən istifadə edə biləcəklər. Terror aktlarının qarşısının alınması və ya itkin düşən şəxslərin müəyyən edilməsi kimi müstəsna hallarda hüquq-mühafizə orqanları qanuni icazə ilə ictimai yerlərdə real vaxt rejimində məsafədən biometrik identifikasiya sistemlərindən istifadə edə biləcəklər.
Yüksək riskli süni intellekt sistemləri ilə bağlı daha sərt qaydalar tətbiq olunacaq. Kritik infrastruktur, təhsil, məşğulluq, səhiyyə, ictimai xidmətlər, bankçılıq, immiqrasiya və sərhəd idarəçiliyi, seçkilər kimi demokratik proseslərdə süni intellekt sistemləri yüksək risk kateqoriyasında olacaq.
Belə sistemlərdə risklər qiymətləndirilməli və azaldılmalı, istifadə qeydləri aparılmalı, şəffaflıq və insan nəzarəti təmin edilməlidir.
Video, mətn, şəkillər yaratmaq, başqa dildə danışmaq, kompüter kodunu hesablamaq və ya yazmaq kimi geniş spektrli müxtəlif vəzifələri yerinə yetirə bilən böyük sistemlərə xüsusi qaydalar tətbiq ediləcək. Bu "ümumi təyinatlı süni intellekt" sistemlərinin bazara çıxarılmazdan əvvəl müxtəlif şəffaflıq meyarlarına uyğunluğu təmin ediləcək.
Süni intellektlə dəyişdirilmiş audio və ya video məzmunu aydın şəkildə etiketlənməlidir.
Qanun Aİ Şurası tərəfindən təsdiq edildikdən və Aİ-nin rəsmi jurnalında dərc edildikdən 2 il sonra qüvvəyə minəcək.
Qeyd edək ki, yeni qanunla Google-un süni intellekt modeli Gemini və ChatGPT kimi müxtəlif süni intellekt texnologiyaları yeni qaydalara uyğun gəlməli olacaq.
Günel Məlikzadə