-
- 15-03-2024, 16:30
- 528
Rəşad Məciddən serialdakı görüntüyə - Sərt reaksiya
“Ölkədə fəaliyyət göstərən prodakşnlardan birində çəkilən, televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəkələrdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bir video istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurdu”.
News24.az Axşam.az-a istinadla xəbər verir ki, bunu sosial şəbəkə hesabında Mətbuat Şurasının sədri Rəşad Məcid yazıb.
Bu gün sosial şəbəkələrdə yayılan və böyük müzakirələrə səbəb olan həmin video haqqında danışan Rəşad Məcid qeyd edib ki, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı – mövqeyi kimi təqdim olunması böyük qəbahətdir:
“Bu sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi, durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir. Yayılmış videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafiəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır”.
R.Məcid videodakı dialoqla bağlı da fikirlərini bildirib:
“Müəllimin olduqca aqressiv və qəddar bir tonda jurnalisti imla yaza bilməməklə hədələməsinə, əlbəttə, bu gün Azərbaycanda jurnalist adına iddia edən saysız-hesabsız şəxslər arasında savadsızları kifayət qədər çoxdur, amma onu da etiraf edək ki, savadsız adamlar elə müəllimlər, lap belə məmurlar arasında da az deyil, həm də belələrinə bütün peşə sahibləri içində, bütün fəaliyyət sahələrində rast gəlmək olar. Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistikaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar.
Jurnalist adına iddia etməklə bu adı aşağılayanlarla yanaşı, bu gün cəmiyyətdə bir qrup da var ki, onlar hər addımda jurnalistləri gözdən salmağa çalışırlar. Bundan isə ilk növbətə dərin mənəviyyata malik, peşəkar jurnalistlər əziyyət çəkirlər. Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq”.
Qeyd edək ki, telekanallardan birində yayımlanan serialda jurnalistlə müəllimin dialoqu əks olunub. Müəllim məktəbə hadisəni işıqlandırmaq istəyən jurnalisti tənqid edib. O, şagirdlər arasında baş verən hadisələrin ictimailəşməsində müxbiri ittiham edib. Bu səhnə qısa müddət ərzində sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.