-
- 27-03-2024, 15:19
- 566
Ciddi böhran qorxusu: Qızılın qiyməti bahalaşdı
Adətən Ramazan və Məhərrəm ayında qızıla tələbat azalır. Belə olduğu halda bazarda da durğunluq yaşanır. Lakin ötən illərlə müqayisədə bu il qızılın qiyməti bahalaşıb. Bəs bu bahalaşma nə ilə əlaqədardır?
Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanda qızılın qiymətinin artması dünya bazarlarında artan qiymətlərlə bağlıdır:
"Azərbaycanda qızılın bugünkü qiymətini şərtləndirən əsas faktor dünya bazarlarında qızılın qiymətinin qalxmasıdır. Adətən, Azərbaycan çərçivəsində qızılın qiymətinin qalxması toylarla - qısa müddətli dövrlə əlaqədar ola bilər. Amma geniş çərçivədə qızılın qiyməti bilavasitə investorların qızıla yatırdığı investisiya həcmlərinə görə dəyişir. Hazırki vəziyyətdə qlobal iqtisadiyyatda baş verən proseslər, qarşıda ciddi böhran qorxusu investorları daha çox qızıla üz tutmağa vadar edir. Bu isə qızıla olan tələbi artırır. Qızıla olan tələb də qiyməti yüksəldir. Bu isə Azərbaycanda toyların olmadığı vaxtda belə qızılın qiymətinin yuxarı səviyyədə olmasına gətirib çıxarır".
Qeyd edək ki, 25 martda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0.49% bahalaşaraq 2,192.30 ABŞ dollarına bərabər olub.