Bu qidalar qadınlarda yuxusuzluğa səbəb olur
    • 30-03-2024, 21:36
    • 439

Bu qidalar qadınlarda yuxusuzluğa səbəb olur

ABŞ-ın Kolumbiya Universitetinin Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, makaron, düyü, xəmir və çörək qadınlarda yuxusuzluğa səbəb ola bilər.

News24.az xəbər verir ki, tədqiqatın nəticələri AJCN-də (The American Journal of Clinical Nutrition) dərc edilib.

Araşdırma zamanı elm adamları 50 mindən çox yetkin könüllünün yemək vərdişlərini təhlil ediblər. Onlar həmçinin iştirakçıların yuxu keyfiyyəti haqqında məlumat toplayıb və əldə edilən məlumatların korrelyasiya təhlilini aparıblar. Məlum olub ki, bəzi ultra emal olunmuş qidalar (makaron, ağ düyü, ağ çörək, xəmir məmulatları) qadınların yuxusuzluq inkişaf etdirmə ehtimalını artırır.

Alimlərin qeyd etdiyi kimi, yuxu problemlərinin səbəbkarı bu növ qidalarda olan təmizlənmiş şəkər ola bilər. Makaron, xəmir məmulatları, ağ çörək və düyünün həddindən artıq istehlakı qan şəkərinin səviyyəsində sıçrayışlara səbəb ola bilər ki, bu da yuxuya getməyi çətinləşdirir, gecə istirahətini azaldır və oyanışların sayını artırır.

Tədqiqatçılar şəkərin digər növ qidalarda, məsələn, meyvələrdə də olduğunu izah ediblər. Bununla belə, onların tərkibindəki lif (pəhriz lifi) onun sürətlənmiş udulmasına və bədəndə qlükoza səviyyəsinin arzuolunmaz sürətlə artmasına mane olur.

Mehriban Mirzəzadə