"Kəpəz” klubu iki antirekordunu təkrarladı
    • 1-04-2024, 21:09
    • 495

"Kəpəz” klubu iki antirekordunu təkrarladı

"Kəpəz” klubu iki antirekordunu təkrarlayıb.

News24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan çempionatlarında ən ağır ev məğlubiyyətlərindən birini alıb.

Adil Şükürovun yetirmələri Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”a 1:6 hesabı ilə uduzub. Qərblilər tarixində 3-cü dəfə ev matçında beş top fərqi ilə məğlub olub. 2006-cı il martın 25-də “Neftçi” “Kəpəz”in meydanında 5:0 hesablı qələbə qazanıb. 2017-ci il noyabrın 25-də “Qəbələ” səfərdən 6:1 hesablı qalibiyyətlə dönüb.

“Kəpəz” həm də tarixində ikinci dəfə ev oyununda 6 qol buraxmaqla bu antirekordunu da təkrarlayıb. “Qəbələ”dən sonra “Qarabağ” gəncəlilərin meydanında altı qol vurub.

“Kəpəz” son ev matçını Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib.

"Sabah” isə Azərbaycan çempionatlarında 30-cu ev məğlubiyyətini alıb. Bu, Premyer Liqanın XXVIII turunda gerçəkləşib.

Bakı klubu öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzub. “Sabah” öz meydanında keçirdiyi 84-cü matçda 30-cu dəfə xalsız qalıb. Digər görüşlərdə 34 qələbəsi olan paytaxt klubu 20 heç-heçə edib.

“Sabah” ilk ev məğlubiyyətini 2018/2019-cu illər mövsümündə alıb. 2018-ci il avqustun 19-da bakılılar “Sumqayıt”a 1:4 hesabı ilə uduzub.

"Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.

İ.İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015-2016-cı illər mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.

O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.