-
- 2-04-2024, 19:09
- 594
Üzərlik yandıranda nə demək lazımdır?
Azərbaycanda elə bir ev tapılmaz ki, orada bircə dəfə də olsun üzərlik yandırılmasın. Qədim inanclarımıza görə, üzərlik insana dəymiş bəd nəzəri aradan qaldırır, ağrıları yüngülləşdirir, insanın aurasını təmizləyir.
News24.az üzərliyin düzgün istifadə qaydası barədə məlumat verir.
Adətən səhhətində problem yaranan insanlar üçün üzərlik yandırılar, toy-nişan məclislərində yandırılan üzərliyi qonaqların arasında gəzdirərlər. Onu evlərin qapı-bacasından, mal-heyvan çox olan tövlələrin girişində bədnəzərdən qoruyan vasitə kimi asarlar.
Bəzən xəstəni sağaltmaq üçün də üzərlikdən istifadə edirlər. Axır çərşənbədə ağır xəstənin sağalması üçün niyyət edilir, başı üstündə üzərlik yandırılır, üç dəfə belinə vurub deyirlər ki, “naxoşluğun səhraya, dərd-azarın dəryaya”.
Üzərlik yandırılanda ayin duaları oxunur.
Üzərliksən havasan,
Hər bir dərdə davasan.
Səni dərman deyiblər,
Qada-bala sovasan.
Üzərlik burda pırtlasın,
Yaman gözlər çatlasın.
Üzərliyim tüstülən,
Bədnəzəri kor elə.
Qohum olsun, ya özgə,
Qoy qapıdan girməsin.
Üzərliyəm havasan,
Yaman dərdə davasan
Pis gözü, pis nəzəri,
Üstümüzdən qovasan.
Bitkinin yumru toxumları kəsilir, dəmir bir qaba yığılır, üzərinə bir az soğan qabığı, bir az pambıq və ya gözü dəyən adamın paltarından bir parça, bir çimdik duz atılaraq ocaqda yandırılır.
Üzərliyin daha çox fayda verməsi üçün onun tüstüsünü bol-bol iynəmək, yüngülcə bu tüstüdə boğulmaq lazımdır. Deyrlər ki. üzərlik tüstüsündən boğulub öskürən zaman göz dəyməsi, insanın içindəki ağırlıqlar çıxıb gedir.
Keçmişdə bəxti bağlı olan qızları bir otağa salar, bir dəmir ləyənin içinə xeyli üzərlik yığıb onu yandırar qızı bütün gün üzərlik tüstüsünə məruz qoyardılar. Beləcə onun bəxtinə dəymiş bəd nəzərin yandığına iananrdılar.//lent