Sabiq nazir arvadını restoranda öldürdü - FOTO
    • 3-04-2024, 23:26
    • 20 377

Sabiq nazir arvadını restoranda öldürdü - FOTO

Həyat yoldaşı - Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi keçirilib.

News24.az xəbər verir ki, sabiq nazir həyat yoldaşı Səltənət Nukenovanın qətlində təqsirli bilinərək məhkəmə qarşısına çıxarılıb.

Dindirilmə zamanı K.Bişimbayev deyib ki, həyat yoldaşını xüsusi amansızlıqla, qəsdən, şüurlu, planlı şəkildə qətlə yetirməyib, ona görə də özünü bunda təqsirli hesab etmir.

“Etiraf edim ki, onun ölümündə mənim əlim olub. Mübahisəmiz olmasaydı, həmin axşam aramızda baş verən bəzi hərəkətlər olmasaydı, bəlkə də, heç nə olmazdı”.

Məlumata görə, hadisə 2023-cü il noyabrın 9-da Bişimbayevin ailəsinə məxsus restoranda baş verib.

Süfrə arxasında ər-arvad arasında mübahisə yaranıb və bu zaman Səltənət Nukenova ərinə ondan ayrılmaq istədiyini deyib. Bundan sonra sərxoş əri ona hücum edərək şiddətlə döyməyə başlayıb.

Restoranın kənar şəxslər üçün bağlı olması səbəbindən cütlük arasında bir neçə saat davam edən dava zamanı Nukenovanın köməyinə çatan olmayıb.

Səltənətin baş və bədən nahiyələrinə zərbələr endirən Bişimbayev onun həyat əlamətləri göstərmədiyinin fərqinə vardıqdan sonra əl saxlayıb.

Bişimbayevin çağırması ilə hadisə yerinə gələn əmisi oğlu Baxıtjan Bayjanov huşunu itirmiş və qeyri-təbii xırıltılar çıxaran Səltənəti divana uzandırıb.

Amma hadisə yerinə təcili yardım çağırmayıb. Bir neçə dəqiqə sonra Bayjanov Səltənətin öldüyünü bilib.

Bundan sonra qohumlar izləri məhv etməyə başlayıblar: onlar əvvəlcə hadisəni qeydə alan kameraların görüntülərini sildiriblər.

Bütün bu hadisələrdən sonra Bişimbayev və Bayjanov saxlanılıblar. Keçmiş nazirə və Bayjanova cinayət işi açılıb.

İstintaq zamanı məlum olub ki, keçmiş nazir Kuandıq Bişimbayev qısqanclıq zəminində mütəmadi olaraq arvadını döyürmüş.

Qətldən 6 ay əvvəl Səltənət qardaşına döyülmə izləri olan şəklini göndərib. Lakin tezliklə cütlük barışıb.

Xatırladaq ki, 2023-cü il noyabrın 9-da keçmiş nazir Kuandıq Bişimbayevin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, noyabrın 8-də axşam saatlarında Astanada restoranlardan birində ziyarətçilər arasında mübahisə baş verib, nəticədə bir qadın aldığı xəsarətdən ölüb. Mərhumun keçmiş nazirin həyat yoldaşı Səltənət Nukenova olduğu məlum olub.

Qeyd edək ki, Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev və Səltənət Nukenova Astanada vətəndaş nikahı ilə yaşayıblar. (Qafqazinfo)