ABŞ niyə İsrailə qeyd-şərtsiz hərbi yardım edir?
    • 8-04-2024, 19:45
    • 250

ABŞ niyə İsrailə qeyd-şərtsiz hərbi yardım edir?

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahudan Qəzzada mülki əhalinin müdafiəsi üçün daha çox tədbirlər görməsini istəsə də, İsrailə 14 milyard dollarlıq hərbi yardım nəzərdə tutan qanun layihəsini dəstəkləməyə davam edir.

News24.az xəbər verir ki, 1946-cı ildən bəri Amerikadan ən çox xarici yardım alan ölkə olan İsrail, 2022-ci ilə qədər (inflyasiya rəqəmləri nəzərə alınmaqla) edilən hesablamaya görə bu günə qədər 300 milyard dollarlıq yardım alıb. Bu məbləğin 216 milyard dolları hərbi yardım olub.

İsrail adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə (2023) dünyada Böyük Britaniya, Yeni Zelandiya, Fransa və Yaponiya kimi ölkələri qabaqlayaraq 18-ci yerdədir. Buna baxmayaraq, o, hər il ABŞ-dan 3 milyard dollardan çox hərbi yardım almağa davam edir. Bundan əlavə, ortaq raket hava hücumundan müdafiə sistemi inkişaf proqramı çərçivəsində hər il 500 milyon dollarlıq kömək alır.

İsrailin ABŞ-la nə NATO, nə də başqa alyans çərçivəsində razılaşması yoxdur. Amma hər il ABŞ-dan milyardlarla dollar dəyərində silah və sursat alır. Nəhayət, Bayden administrasiyası Konqresə əlavə 95 milyard dollarlıq silah yardımı layihəsi təqdim etdi. Bunun 60 milyard dolları Ukraynaya, 14 milyard dolları isə İsrailə gedəcək.

Netanyahu administrasiyasına qeyd-şərtsiz hərbi dəstək ABŞ ictimaiyyəti tərəfindən sual altına qalır.

Günel Məlikzadə