-
- 23-04-2024, 09:22
- 223
Ermənistanla “xəritə savaşı” başladı: 56 illik sirr açıldı
Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələsində zaman-zaman gündəmə gələn bir nüans da anklavlarla bağlıdır. Belə ki, rəsmi İrəvan Başkənd məsələsini qaldırır və dolayı yolla anklavların mübadiləsini gündəmə gətirməyə çalışır. Hətta bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan da bu barədə danışıb.
Maraqlıdır, Ermənistan ərazisində qalan anklavların (4 kənd) Başkəndlə mübadiləsi mümkündür?
News24.az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Ermənistan və Azərbaycan arasında başlayan delimitasiya və demarkasiya prosesi bizi yeni hüquqi terminlərlə tanış olmağa vadar edir:
“Azərbaycanın SSRİ qurulduğu andan etibarən əksər onilliklərdə ərazisinin müəyyən hissələri Ermənistana verilib. Proses Azərbaycanın razılığı ilə deyil, SSRİ mərkəzi idarəetmə qurumunun təyziqi ilə reallaşıb. Həmin torpaqlar Ermənistana verilərkən onların qaytarılması ilə bağlı mexanizm əldə olunmayıb. Lakin ərazilərin Azərbaycana aid olması ilə əlaqədar coğrafi, mədəni və tarixi əsaslar mövcuddur”.
Siyasi şərhçinin fikrincə, sözügedən ərazilərin geri qaytarılması ilə bağlı hüquqi mexanizmlər, əsaslar formalaşdırılmalıdır:
“Delimitasiya və demarkasiya prosesi çərçivəsində 4 kəndin geri qaytarılmasında Alma-Atı bəyannaməsinin əsas götürülməsi qəbul edildi. Bu ilkin mərhələ üçün önəmli idi. Lakin bu bəyannamə daimi və sonrakı mərhələ üçün əsas götürülə bilməz. Azərbaycan sözügedən prosesin daha öncəki xəritələrə əsaslanmasını istəyirdi”.
Əziz Əlibəyli vurğulayır ki, Ermənistan növbəti mərhələdə delimitasiya və demarkasiya prosesi ilə bağlı danışıqlarda Başkəndin ermənilərə verilməsi məsələsini gündəmə gətirə bilər:
“Ermənistan bu 4 kənd üzərində ona görə delimitasiya və demarkasiyaya gedir ki, həm Azərbaycanla münasibətləri standarta salsın, həm də üçüncü ölkələr olmadan hüquqi nəticələr yaradacaq addımlar atamağa, risk dərəcəsini azaltmağa imkan tapsın. Bu, xəritə savaşı, geosiyasi müharibədir. Başkənd 1920-ci illərdə Ermənistana verilib. Bu zaman onun coğrafi mənzərəsi nəticəsində Gədəbəyin 30-dan artıq kəndi rəsmi İrəvan tərəfindən ciddi təhdid altına düşmüş oldu. Azərbaycanın Qərbi Azərbaycan konsepsiyası da təhlükə altında qaldı”.
Siyasi şərhçinin sözlərinə görə, 1928-ci ildə Moskvanın göstərişi ilə Azərbaycan rəhbərlərinin imzası ilə tarixi torpaqlarımızın bir hissəsi, o cümlədən Başkənd Ermənistana verildi:
“Paralel olaraq əhalisi azərbaycanlılardan ibarət olan Göyçə mahalı Azərbaycana verilmədi. Halbuki Başkəndin verilməsinə əhalisinin əksəriyyətinin erməni olması faktını əsas gətirmişdilər. İrəvana qarşı 1968-ci ildə verilmiş Gədəbəy rayonunun Şınıx zonasında yerləşən Tağlar, Qaravəlilər kəndinin ərazi məsələsi gündəmə gətirilməlidir. O zamanlar bu bölgənin guya yararsız, torpağın faydasız olduğu əsas gətirilərək Ermənistana verilib. Bu torpaqların verilməsinin səbəbi isə Tağlar və Qaravəlilərin strateji mövqedə yerləşməsi idi. Gələcəkdə Başkənd üzərindən o ərazinin işğal olmasına əsas yaratmaq məqsədi güdür. Bu baxımdan Başkənd bizim üçün çox strateji əhəmiyyətli yerdir”.
Qeyd edək ki, tarixi adı Başkənd və əhalisi Azərbaycan türkləri olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülüblər. XX əsrin 90-cı illərinin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi idi. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulub. Ərazisi 61 km²-dir.
Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi. Erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi.