-
- 13-05-2024, 20:22
- 392
Kişilərin ölümünü qadınların “dır-dır”ı tezləşdirir? - Qalmaqallı açıqlama
Dünya yaranandan bəri qadınlar kişilərlə müqayisədə daha uzun ömür sürürlər.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, dünyada əhalinin ortalama ömür uzunluğu 72 ilə bərabər olub. Amma qadınlarla kişilərin ömür uzunluğu arasında fərq var: qadınlar üçün bu göstərici 74 il 2 aydır, kişilər üçün isə - 69 il 8 ay.
Bəziləri kişilər daha az yaşamasının günahının qadınlarda olduğunu iddia edir.
Doğrudanmı, kişilərin az yaşamasının günahı qadınlardadır? Doğrudanmı, qadınlar öz “dır-dır”ı ilə kişilərin ömrünü yeyir?
News24.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a psixoloq Vüsalə Rüstəm danışıb.
O, bu iddiaların tamamilə cəfəngiyyat olduğunu bildirib:
“Kişilərin qadınlardan az yaşamasının səbəbləri ilk öncə müharibələr, zərərli vərdişlərin olması və emosional olmalarıdır. Bu səbəblər onların ömrünü qısaldır. Kişi orqanizmi hormonlarla bağlı stressə az davamlıdır, yəni kiçik bir hadisəni böyüdür və dözülməz həddə çatdırır.
"Kişilərin ömrünü qadınlar yeyir və “dır -dır” edərək ömrü qısaldır" fikri yanlışdır. Ailə balanslaşdırılmış münasibətlər üzərində qurulur. Hər iki tərəf bir -birini müəyyən qədər tanıyır. Tərəflərdən biri dözülməz dərəcədə danışmağa başlayıbsa, digəri ya onu eşitmir, ya da eşitmək istəmir. Bu zaman o əsəbiləşib deyinməyə başlayır. Deyinən insanı isə sakitləşdirmək digər tərəfin həssaslığından asılıdır. Deyinmə prosesi gərginlik və rahatlığı pozur. Bu isə əsəbilik, dözümsüzlük yaradır. Deyinən qadın eşidilməyən, ciddiyə alınmayan qadındır. Bu vəziyyəti yaradan isə kişidir”.
Psixoloq qeyd edib ki, qadınların uzun yaşamalarının sirri həyat tərzi və hormonlarla bağlıdır:
“Qadınların uzun ömürlülüyünün sirri onların hormonları və həyat tərzi ilə bağlıdır. Çoxu zərərli vərdişlərdən uzaqdır, hirsləndikdə çox asanlıqla ağlaya bilir, hormonlarında olan antioksidantlar, əsəbiləşərkən orqanizmdə əmələ gələn zərərli kimyəvi maddələri yox edir və orqanizm zərər görmür. Həm də qadınlar ana olduqda orqanizm uşaq sayəsində yenilənir. Kişilərin uzun və ya qısa yaşaması qadınlarla bağlı deyil”.