Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşdü
    • 14-05-2024, 17:47
    • 192

Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin sədri Seah Kian Penq ilə görüşüb.

Bu barədə News24..az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Seah Kian Penq bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkələrimiz və qanunvericilik orqanlarımız arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu diqqətə çatdırılaraq, ötən illər ərzində Azərbaycan və Sinqapur arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, coğrafi məsafəyə baxmayaraq, ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək çoxlu əməkdaşlıq imkanları mövcuddur.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğu diqqətə çatdırılaraq, iki ölkə arasında səfərlərin və fikir mübadilələrinin davam etdirilməsinin vacib olduğu bildirilib.

Sahibə Qafarova iki ölkənin parlamentləri olaraq əməkdaşlığı daha da inkişaf etdirmək, həmçinin parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin sədri qarşı tərəfə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da məlumat verib. Spiker sessiya çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçrilməsi nəzərdə tutulan parlament iclası haqqında da məlumat verərək, Sinqapur parlamentinin sədrini bu tədbirə dəvət edib.