Səudiyyə Ərəbistanında gündəm: Kral Salmanın səhhəti
    • 20-05-2024, 09:21
    • 229

Səudiyyə Ərəbistanında gündəm: Kral Salmanın səhhəti

Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman bin Əbdüləziz Əl Səud "yüksək hərarət və oynaq ağrısı" şikayətindən sonra tibbi müayinədən keçib.

News24.az xəbər verir ki, testlərdə kralın ağciyərində iltihabın olduğu müəyyən edilib.

Kral Salmanın Ciddədəki Əl Salam sarayında ağciyər iltihabından müalicə alacağı bildirilib.

88 yaşlı Kral Salman 2015-ci ildən taxtda olsa da, 2017-ci ildə onun oğlu, 38 yaşlı Məhəmməd bin Salman vəliəhd olub.

Monarxın səhhəti nadir hallarda müzakirə olunsa da, aprel ayında onun "standart müayinələr" üçün xəstəxanaya yerləşdirildiyi açıqlanıb.

KRALIN SAĞLIĞI GÜNDƏMDƏN DÜŞMÜR

Dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı illərdir Kral Salmanın səhhəti ilə bağlı fərziyyələri yatırtmağa çalışır.

Ər-Riyad 2017-ci ildə kralın şahzadə Məhəmmədin xeyrinə taxtdan əl çəkməyi planlaşdırdığına dair xəbərləri və artan fərziyyələri rədd etdi.

Kral Salman 2020-ci ildə öd kisəsini çıxarmaq üçün əməliyyat olundu.

O, həmçinin 2022-ci ilin martında dövlət mediasının "uğurlu tibbi testlər" kimi təsvir etdiyi və ürək stimulyatorunun dəyişdirilməsi üçün xəstəxanaya yerləşdirildi.

Günel Məlikzadə