-
- 22-05-2024, 18:01
- 177
Nəticə istəyirlərsə, region ölkələrinin maraqları nəzərə alınmalıdır - Çingiz Qənizadə
“Regionun sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu çox vacibdir”.
News24.az bildirir ki, bunu Metbuat.az-a Demokratiya və İnsan Hüqüqları Komitəsinin sədri, siyasi ekspert Çingiz Qənizadə deyib. İran və Azərbaycan prezidentlərinin sərhəddə ilk dəfə görüşdüklərini diqqətə çatdıran Çingiz Qənizadə deyib ki, bu dostluğa heç bir kənar qüvvə müdaxilə edə bilməz:
“İki ölkə arasında qədim tarixi olan qarşılıqlı hörmət, anlaşma Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi kimi nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü bir daha göstərdi. Bütün bunlar İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının daha yaxşı olacağına bariz nümunədir.
Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki ölkə bir-birinə dəstək verməklə öz siyasətlərini həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat layihələrinin həyata keçirilməsində də birgə səylər göstərirlər. İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi və qarşılıqlı təchizat məsələləri artıq həll edilib. Bu, İran və Azərbaycanla yanaşı, digər ölkələr üçün də fayda gətirəcək layihələrdir. İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”.
Çingiz Qənizadə Prezident İlham Əliyevin çıxışına istinadən deyib ki, Azərbaycan bütün ölkələrlə əlaqələri bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurur və bundan sonra da quracaq:
“Bölgənin inkişafı həmin ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır”.