ABŞ vətəndaşlarının seçki qorxusu
    • 23-05-2024, 15:43
    • 273

ABŞ vətəndaşlarının seçki qorxusu

Reuters/Ipsos-un ölkə üzrə 3934 ABŞ-lı böyüklər arasında keçirdiyi sorğu göstərib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci ildə seçkiləri uduzmasından sonra yaşanan zorakılıqların təkrarlana biləcəyi ilə bağlı narahatlıqlar geniş yayılıb. Trampın tərəfdarları 2021-ci il yanvarın 6-da ABŞ Kapitoliyasına hücum ediblər.

News24.az xəbər verir ki, Tramp ikinci dəfə Baydenə uduzacağı təqdirdə nəticələrə etiraz etməyə hazırlaşır.

Onlayn sorğuda iştirak edən respondentlərin təxminən 68 faizi, o cümlədən demokratların 83 faizi və respublikaçıların 65 faizi seçkinin nəticələrindən narazı olan ekstremistlərin zorakılığa əl atacağından narahatdır.

İştirakçıların 15 faizi bu fikirlə razılaşmasa da, 16 faizi qərarsız olduğunu bildirib.

Son müsahibələrində seçkinin nəticələrini qəbul edəcəyinə zəmanət verməyən Tramp demokratları seçki kampaniyasında “fırıldaqçılar” adlandırıb.

BAYDENİN DƏSTƏKÇİLƏRİ NƏTİCƏLƏRƏ ƏMİNDİR

Mayın 7-dən 14-ə qədər aparılan sorğu göstərib ki, demokratlar ABŞ-dakı seçkilərin respublikaçılardan daha etibarlı olduğuna inanır.

Demokratların 87 faizi seçkilərin nəticələrinə inandığını bildirsə də, respublikaçıların yalnız 47 faizi noyabr seçkilərinin nəticələrinin ədalətli və qanuni olacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, sorğunun səhv marjası müsbət və ya mənfi 2 faiz bəndidir.

Günel Məlikzadə