Rəisinin şərəfinə Azərbaycanda tarixi yer adı dəyişdirildi
    • 27-05-2024, 12:46
    • 597

Rəisinin şərəfinə Azərbaycanda tarixi yer adı dəyişdirildi

İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı Şərqi Azərbaycan əyalətinin Vərziğan mahalının Dizmar bölgəsinin adı dəyişdirilərək “Şəhid cümhur” (“Cümhur şəhidi”) qoyulub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranın Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Əli Səlaciqə mediaya açıqlamasında bunun İbrahim Rəisinin xatirəsini əbədiləşdirmək məqsədilə edildiyini deyib.

Qeyd edək ki, Dizmar qoruq ərazisi Şərqi Azərbaycan əyalətinin şimalında Xudafərin, Vərziğan və Culfa rayonlarının qoruq zonasında yerləşən dağlıq və meşəlik ərazidir.

Mayın 19-da burada İran Prezidenti İbrahim Rəisi, XİN başçısı Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşim və başqaları helikopter qəzası nəticəsində həlak olublar.