Mayk Tayson xəstələndi
    • 28-05-2024, 16:22
    • 376

Mayk Tayson xəstələndi

Boks üzrə dünyaca məşhur keçmiş ağır çəkili dünya çempionu Mayk Tayson və məşhur Youtuber, döyüşçü Ceyk Pol 20 iyul 2024-cü il şənbə günü rinqdə üz-üzə gələcək.

News24.az xəbər verir ki, qarşılaşmanın həyəcanlı gözləməsi davam edərkən, 57 yaşlı Mayk Tayson bazar günü Mayamidən Los-Ancelesə uçan təyyarədə xəstələnib.

“In Touch Weekly” nəşrinin yazdığına görə, Tayson təyyarənin Los-Ancelesə enməsinə təxminən 30 dəqiqə qalmış pisləşib.

"New York Post"a edilən açıqlamada bu ifadələr yer alıb: "Xoşbəxtlikdən cənab Taysonun vəziyyəti yaxşıdır. Enişdən 30 dəqiqə əvvəl xora səbəbiylə ürək bulanması və başgicəllənmə hiss edib".

Taysonun nümayəndələri də Taysonun səhhətində yaranan problemə görə uçuşun təxirə salınmasını təkzib edərək, "Uçuşun gecikməsinə onun tibbi müdaxiləsi səbəb olduğu xəbəri yalandır. Bu iki saatlıq gecikmə təyyarədəki kondisioner problemi ilə bağlı olub".

Digər tərəfdən məşhur boksçu Ceyk Pol ilə əfsanəvi boksçu Mayk Taysonun qarşılaşması bokssevərlərin gündəmini zəbt edir.

Qeyd edək ki, Mayk Tayson və Ceyk Pol arasında boks görüşü 20 iyul 2024-cü il, şənbə günü keçiriləcək. Döyüş qaydalarına görə, döyüşçülərə rəqiblərini nokauta salmağa icazə veriləcək. Yarış 2 dəqiqəlik səkkiz turdan ibarət olacaq. Bu dəfə döyüşçülərə öz strategiyalarını tətbiq etmək və rəqiblərini təhlil etmək şansı verəcək. Döyüşdə 14 unsiyalıq əlcəklərdən istifadə olunacaq və heç bir baş geyimi istifadə edilməyəcək.

Günel Məlikzadə