Daymondan kredit xəbərdarlığı
    • 30-05-2024, 11:53
    • 303

Daymondan kredit xəbərdarlığı

JPMorgan-ın CEO-su Ceymi Daymon qeyri-bank, əsasən qeyri-dövlət aktivlərinin idarə edilməsi və özəl kapital şirkətlərinin oyunçu olduğu özəl kredit sektorunda problemlərin yaranacağını gözlədiyini, xüsusilə fərdi investorların buna çıxış əldə etdiyi zaman böyük problemlərin yarana biləcəyini ifadə edib. 

News24.az xəbər verir ki, Daymon çərşənbə günü keçirilən konfransda "Fərdi müştərilərə bu az likvid məhsullardan bəzilərinə giriş imkanı vermək istəyirsiniz? Yəqin ki, hə, amma bunda heç bir risk yoxmuş kimi davranmayın" deyib.

Qeyd edək ki, qeyri-bank fondları və özəl kapital şirkətləri tərəfindən verilən kreditlərlə böyüyən özəl kredit sektoru 1,7 trilyon dollara çatıb. Daymonun ehtiyatlı yanaşması sektorla bağlı artan xəbərdarlıqlardan sonra gəlib. Axilles İdarəetmə Fondunun meneceri Sachin Khajuria, sektora pul axınının sürətləndiyi üçün "kiçik çatlar müşahidə edildiyini" bildirib.

Onu da bildirək ki, keçən ay Moody's dünyanın ən böyük fondlarına bağlı birbaşa kredit fondlarının reytinq proqnozunu stabildən mənfiyə endirib. Moody's reytinqin aşağı salınmasına səbəb kimi bu sektorda vaxtı keçmiş debitor borclarını göstərib.

Günel Məlikzadə