"Cinsi tərbiyə dərslərinin tədris olunacağına çox sevindim"
    • 31-05-2024, 10:16
    • 441

"Cinsi tərbiyə dərslərinin tədris olunacağına çox sevindim"

“Yeni nəsil dünya alimlərinin müşahidəsinə görə, artıq uşaqlar gözüaçıq dünyaya gəlirlər. Yəni uşaq 2 yaşından artıq geniş dərkə sahibdir və bu nəsil “Zoomer” nəsli adlanır. 2011-ci ildə doğulanlar isə “Alfa” nəsli adlanır, çünki onlar daha da inkişaf etmiş hesab olunurlar. Uşaqlara məktəblərdə cinsi tərbiyə keçilməsi ən təqdirəlayiq addım olacaq. Əgər həqiqətən də həyata keçmiş olarsa... Uşağın öz cinsəlliyi ilə bağlı gizli-gizli araşdırması onun pozulmasına daha çox səbəb ola bilər, nəinki belə bir dərsin tədrisi”. 

News24.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Samirə Bağırova deyib. 

Psixoloq məktəblərdə cinsi tərbiyə dərslərinin tədris olunacağı barədə xəbərə etiraz edənlərə belə cavab verib: “Keçmiş nəsil qəliblənmiş qaydalardan çıxa bilmir. Və köhnə metodları sürükləməklə ölkə inkişafdan qalır. Azərbaycan abort üzrə dünyada birinci yerdədir. Siz bilirsiniz, bu nə deməkdir? Cahilliyin dibi! Mövzunu ört-basdır edirlər, danışmırlar. Mən bunu illər öncə gördüyüm üçün dönə-dönə cinsi tərbiyə mövzusundan danışırdım. Cinsi tərbiyə dərslərinin tədris olunacağı xəbərini eşidəndə çox sevindim. Hər bir böyüyən uşaq öz vücudunu, hormonlarını tanımalıdır, cinsi emosiyaları ilə necə baş etməyin kontrolunu öyrənməlidir ki, cinsi nəfsinə, vücuduna sahib çıxa bilsin. Böyüklər bu məsələni ona görə pis qarşılayırlar ki, məsələyə seks, öz iyrənc düşüncələri üzərindən yanaşma edirlər, elmi tərəfdən deyil”.