Fermerlər Fransa-İspaniya sərhədini bağladı
    • 4-06-2024, 09:09
    • 254

Fermerlər Fransa-İspaniya sərhədini bağladı

Avropada fermerlərin etirazları davam edir. İyunun 6-9-u arasında keçiriləcək Avropa Parlamenti seçkilərinə günlər qalmış ispan və fransız fermerlər Aİ xaricindən gələn haqsız rəqabətə etiraz ediblər. Fermerlər Fransa ilə İspaniya sərhədini təşkil edən və Pireney dağlarında yerləşən Bask bölgəsində AP-8 magistralını və İspaniyanın Kataloniya bölgəsində AP-7 avtomobil yolunu traktorlarla bağlayıblar.

News24.az xəbər verir ki traktorla hərəkəti kəsən fermerlər bu aksiyaların məqsədinin seçki öncəsi siyasətçiləri səfərbər etmək olduğunu vurğulayıblar.

Siyasətçilər tərəfindən unudulduqlarını bildirən fermerlər Avropa Parlamentinə seçkilər yaxınlaşdıqca siyasətçilərin fermerləri ciddi qəbul edib tələblərini dinləyəcəklərini maraqlandırdıqlarını bildiriblər. Fermerlər Fransada kənd təsərrüfatının çətin vəziyyətdə olduğunu və təxminən 20 ilə yaxındır ki, diqqətdən kənarda qaldığını vurğulayıblar.

Xatırldaq ki, bu ilin əvvəlində fermerlər həftələrlə yolları bağlayaraq Aİ ölkələrində etiraz aksiyaları keçiriblər. Fermerlər artan xərclər və vergilər, bürokratik prosedurlar, həddindən artıq ekoloji qaydalar və ucuz ərzaq idxalının yaratdığı haqsız rəqabətlə üzləşdiklərini bildiriblər.

Fermerlərin həftəlik etirazları Aİ-ni kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün verilən subsidiyaları may ayında altı ay uzatmağa məcbur edib. Aİ-nin Yaşıl Müqavilə ətraf mühit siyasətinin bəzi hissələri yumşaldılıb.

Günel Məlikzadə