“Bitcoin”in dəyəri 70 min dolları ötdü
    • 5-06-2024, 22:55
    • 317

“Bitcoin”in dəyəri 70 min dolları ötdü

Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul – red.) olan “Bitcoin”in dəyəri yenidən 70 min dolları ötüb.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, bu gün “Bitcoin”in dəyəri 3 faizdən çox artaraq 71 min dolları ötüb. Hazırkı qiymət martın əvvəlində qeydə alınan qiymətdən (73 min dollar) az olsa da “Bitcoin”in tədavüldə olduğu zamanın ən yüksək qiymətlərindən hesab olunur. 

Son bir ildə “Bitcoin”in 2,6 dəfədən çox bahalaşması da mövcud qiymətlərin nə dərəcədə yüksək olduğunu təsdiqləyir.

“Bitcoin”in bahalaşması onun bazar dəyərini də yüksəldir. Dövriyyədə olan bütün “Bitcoin”lərin ümumi dəyəri 1,4 trilyon dolları ötüb.

Qeyd edək ki, “Bitcoin”in dəyəri dolların dəyərindəki dəyişiklikdən də asılı olur. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşacaq.