Ukraynadakı toqquşma nüvə savaşına çevrilir – İlk zərbəni bu ölkə endirə bilər
    • 7-06-2024, 19:55
    • 280

Ukraynadakı toqquşma nüvə savaşına çevrilir – İlk zərbəni bu ölkə endirə bilər

Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bu günə qədər beynəlxalq aləmdə nüvə müharibəsi barədə müxtəlif fikirlər səslənir. Müharibənin ilk günlərində bu haqda çox danışılmasa da, hazırda nüvə müharibəsi aktual mövzuya çevrilib.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, bunun əsas səbəbi odur ki, Qərb dövlətləri Ukraynaya hərbi dəstəyi artırıb, bu da nüvə dövləti olan Rusiyanın ciddi narazılığına səbəb olub:

“ABŞ və bir qrup Avropa ölkəsi Ukraynaya verdikləri silah və hərbi texnikalardan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar. Kreml bunu NATO ölkələrinin Rusiyaya qarşı müharibə elanı kimi qiymətləndirib.

Həmişə olduğu kimi nüvə müharibəsindən ən çox danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdir. Onun sözlərinə görə, keçmişdə Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləyirdilər: “Ancaq bu baş verdi və Qərbin yanıldığı üzə çıxdı”.

Medvedev Rusiyanın nüvə silahından istifadə etməyəcəyi fikirlərinin də yanlış ola biləcəyinə işarə vurub. Rusiya rəsmiləri onu da vurğulayırlar ki, Avropa ölkələri əhali baxımından sıxdır və qitəyə atılan nüvə silahı böyük itkilərə səbəb olacaq. Bunu deyən rusiyalı rəsmilər nüvə silahına malik olan dövlətlərin cavab olaraq Rusiyaya qarşı nüvə silahından istifadə etməsi məsələsi barədə fikir bildirmirlər”.

Məqalədə qeyd olunur ki, Rusiyanın strateji tərəfdaşı Çinin də xeyli nüvə silahı var:

“Çin rəsmiləri də rusiyalı tərəfdaşları kimi nüvə müharibəsi mövzusunda ehtiyatlıdırlar. Çin müdafiə naziri Pekinin müdafiə strategiyasında nüvə silahından istifadə edilməməsinin tərəfdarı olduğunu deyir: “Keçmişdə Çinə qarşı nüvə təhdidləri səslənsə də, Pekin nüvə silahından istifadə edilməməsi siyasətinə sadiqdir”.