"Süni intellekt bəşəriyyətin sonunu gətirə bilər"
    • 7-06-2024, 14:48
    • 285

"Süni intellekt bəşəriyyətin sonunu gətirə bilər"

Süni intellekt inkişaf etdirən Silikon Vadisi şirkətlərinin indiki və keçmiş bir qrup işçisi açıq məktubla xəbərdarlıq ediblər ki, əlavə tədbirlər görülməsə, süni intellekt “insanların məhvi” ilə təhlükə yarada bilər.

News24.az-ın məlumatına görə, OpenAI, Anthropic və Google-un DeepMind kimi şirkətlərin 13 keçmiş işçisi tərəfindən imzalanan məktubda iddia edilir ki, yüksək səviyyəli süni intellekt tədqiqatçıları yeni inkişafları tənqid etmək və süni intellektlə bağlı ictimaiyyətdən, siyasətçilərdən rəy almaq üçün daha çox müdafiəyə ehtiyac duyurlar.

Dərc olunan açıq məktubda, "Biz süni intellekt texnologiyasının bəşəriyyətə görünməmiş faydalar təmin etmək potensialına inanırıq. Eyni zamanda, biz bu texnologiyaların yaratdığı ciddi risklərin fərqindəyik. Bu risklər mövcud bərabərsizliklərin daha da dərinləşməsindən, manipulyasiya və dezinformasiyaya, nəzarəti itirən avtonom süni intellekt sistemlərinə, potensial olaraq insanların məhvinə qədər uzanır" yazılıb.

OpenAI sözçüsü The Independent-ə deyib: "Biz ən bacarıqlı və ən təhlükəsiz süni intellekt sistemlərini təqdim etmək təcrübəmizlə fəxr edirik. Riskin həllinə elmi yanaşmamıza inanırıq. Biz razıyıq ki, bu texnologiyanın əhəmiyyəti nəzərə alınmaqla ciddi müzakirələr çox vacibdir. Biz dünya üzrə hökumətlər, vətəndaş cəmiyyəti və digər icmalarla əlaqə saxlamağa davam edəcəyik” deyib.

OpenAI həmçinin süni intellekt təhlükəsizliyi ilə bağlı artan süni intellekt tənzimlənməsinə dəstəyinə işarə edib.

Günel Məlikzadə