Apple-ın süni intellekt yenilikləri
    • 11-06-2024, 11:42
    • 135

Apple-ın süni intellekt yenilikləri

İllik tərtibatçılar tədbiri olan WWDC-də Apple "VisionOS 2", "iOS 18", AirPods və Apple TV, "WatchOS 11", "iPadOS 18", "macOS Sequoia"  yeniliklərini təqdim edib.

News24.az xəbər verir ki, ötən il elan edilən “Apple Vision Pro” qulaqcıqları daha 8 ölkədə satışa çıxarılacaq.

Bu məhsulun ilk olaraq iyunun 28-də Çin, Yaponiya və Sinqapurda təqdim ediləcəyi, iyulun 12-də isə Avstraliya, Kanada, Fransa, Almaniya və İngiltərədə satışa çıxarılacağı bildirilib.

Smartfonlar üçün "iOS 18" versiyasına gətiriləcək ana ekran və foto qalereya üçün fərdiləşdirmələr və məxfilik yeniləmələri kimi xüsusiyyətlər təqdim edilib.

Fərdi kompüterlər üçün "macOS Sequoia" yeniləməsi ilə nələrin edilə biləcəyi barədə məlumat verilərkən, iPhone telefonlarının bu versiyada "yansıtma" xüsusiyyəti olan kompüterlərdə istifadə oluna biləcəyi ifadə edildi.

Apple Intelligence məlumat məxfiliyinə üstünlük verəcək

Tədbirdə şirkətin çoxdan gözlənilən süni intellekt hərəkəti Apple Intelligence də açıqlanıb.

Apple Intelligence-in kontekst yönümlü bildirişlər göndərmək, süni intellektlə şəkillər yaratmaq və tətbiqlər arasında tapşırıqları yerinə yetirmək kimi imkanları təqdim edilib.

İstifadəçi məlumatlarının şəxsi və təhlükəsiz olmasını təmin etmək üçün sistemin “Apple Silicon” çipindən istifadə edən xüsusi serverlərdə bulud əsaslı modellərdən istifadə edəcəyi, məxfiliyin “Apple” üçün əsas prioritet olduğu vurğulanıb.

İlin sonunda ChatGPT Siri-yə inteqrasiya olunacaq

Ağıllı şəxsi köməkçi Siri-yə gətiriləcək yeni funksiyalar açıqlanarkən, söhbət robotu ChatGPT-yə lazım olduqda Siri ilə daxil olmaq mümkün olduğu bildirilib.

Bildirilib ki, ChatGPT ilə inteqrasiya iOS 18, iPadOS 18 və macOS Sequoia-ya ilin sonunda gələcək.

ChatGPT-nin inkişaf etdiricisi olan OpenAI-nin baş direktoru Sam Altman sosial media hesabındakı yazısında deyib: "Mən bu ilin sonunda ChatGPT-ni cihazlarına inteqrasiya etmək üçün Apple ilə əməkdaşlıq etməkdən məmnunam. Məncə, bunu bəyənəcəksiniz".

Əlavə edilib ki, Apple bu proqram yeniləmələrini gələn ay ilkin baxışda təqdim etməzdən əvvəl bu gün tərtibatçı versiyalarını buraxacaq və proqram təminatının son versiyaları tamamlandıqdan sonra payızda hər kəs üçün əlçatan olacaq.

Günel Məlikzadə