Avropadan Çinin elektrik avtomobillərinə əlavə vergi
    • 11-06-2024, 22:30
    • 408

Avropadan Çinin elektrik avtomobillərinə əlavə vergi

Aİ Komissiyasının Çinin elektrikli avtomobil istehsalına dövlət subsidiyaları və idxal olunan məhsullara tətbiq olunacaq müvəqqəti əlavə gömrük vergisi qərarı ilə bağlı başlatdığı araşdırma çərçivəsində görəcəyi tədbirləri çərşənbə günü rəsmən açıqlaması planlaşdırılır.

News24.az xəbər verir ki, son illər Avropa ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır.

Çində istehsal olunan aşağı qiymətli və subsidiyalı elektrik avtomobillərinin satışı sürətlə digər rəqiblərini geridə qoyur.

2019-cu ildə Aİ-də satılan elektrik avtomobillərində Çin markalarının payı 1 faizdən aşağı olsa da, son vaxtlar bu rəqəm 8 faizə çatıb. Ehtiyat tədbirləri görülməsə bu nisbətin sürətlə artmağa davam edəcəyi bildirilir.

Çinin oxşar seqmentlərdəki elektrik avtomobillərinin qiymətləri Avropada istehsal olunan modellərdən 20 faiz aşağıdır.

Qeyd edək ki, Çində BYD, SAIC, Geely, Tesla və digər Avropa şirkətləri kimi markalar istehsal olunur.

Ötən ilin sentyabrında Aİ Komissiyasının sədri Ursula fon der Leyen “Birliyin vəziyyəti” mövzusunda çıxışında Çindən gətirilən elektrik avtomobillərinin araşdırılacağını açıqlayıb.

Elektrikli nəqliyyat vasitələrinin Avropa üçün böyük potensiala malik bir sektor olduğuna diqqət çəkən Von der Leyen, "Qlobal bazarlar indi daha ucuz Çin elektrikli avtomobilləri ilə doludur. Çin elektrikli avtomobillərinin qiymətləri böyük dövlət subsidiyaları ilə süni şəkildə aşağı saxlanılır. Bu vəziyyət iqtisadiyyatı pozur" qiymətləndirməsini edib.

Bu bəyanatdan sonra Aİ Komissiyası oktyabr ayında Çindən Birliyə üzv ölkələrə idxal edilən elektrik avtomobilləri ilə bağlı araşdırma başlatdığına dair rəsmi bildiriş yayımlayıb.

Günel Məlikzadə