-
- 12-06-2024, 17:13
- 2 418
Hərbi xidmətlə bağlı bu qanun DƏYİŞDİ: İki həftə sonra qüvvəyə MİNƏCƏK
Ötən il Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı olduqca vacib fərman imzalayıb. Yeni qaydalara əsasən, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılacaq.
Ölkə qanunvericiliyinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. İndiyədək bu vəzifəni Səfərbərlik Xidmətinin nəzdində olan hərbi həkim komissiyası həyata keçirirdi. Vətəndaşın həqiqi hərbi xidmətə yararlı olub-olmamasını bu qurum aydınlaşdırırdı.
Fərmanda nəzərdə tutulan müddəalar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Həmin yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. Nazirlər Kabinetinə və Nazirliyə qeyd olunanlarla əlaqədar bir sıra tapşırıqlar verilib.
Bəs yeni dəyişikliyin əsas məqsədi nədir?
Məsələ ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev News24.az-a deyib ki, yeni dəyişiklik hərbi xidmətdə bir sıra neqativ halların qarşısını alacaq:
“Qanuna yeni dəyişiklik xərbi xidmətlə bağlı olan və daha əvvəllər də bizim rastlaşdığımız həkim, səfərbərlik xidmətinin əməkdaşı və valideyn arasında mövcud olan neqativ halların qarşısını almaq məqsədilə qəbul olunur. Yeni qanun layihəsinə əsasən şəhər, rayon çağrış kommisiyaları daha əvvəllər müstəqil olaraq çağrışa cəlb olunan heyyətin yararlı olub-olmaması, onun sağlamlıq vəziyyətinə görə müvəqqəti yararsız hesab edilməsi, həmin hərbi qulluqçuya çağrışa görə möhlət hüququnun verilməsi, dinc və ya müharibə dövründə hərbi xidmətə yararlı və ya yararsız olması, məhdud yaralılıq haqqında qərarın həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız olması barədə verilən bütün qərarların yekun tibbi müayinəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin ediləcək”.
Ekspertin sözlərinə görə, daha əvvəllər olduğu kimi rayon və şəhər çağrış şöbələri, kommisiyaları heç bir halda təkbaşına hərbi çağrış yaşına çatmış vətəndaşlara yaralılıq və möhlətlə bağlı qərar verə bilməyəcək: “Bu silahlı qüvvələrimizin hərbi xidmətə yararlı və sağlam heyyətlə təmin olunması baxımından çox mühüm rol oynayacaq. Daha əvvəlki illərdə yararsız hesab edilən 100-lərlə çağrışçı artıq bu gün ordu sıralarında xidmət edirlər. Keçən çağrışda onların sayı təxminən 500-dən artıq idi və aralarında 30-32 yaşından yuxarı olan vətəndaşlarımız da mövcud idi. Digər tərəfdən isə əvvəlki illərdə mövcud olan neqativ hallar barədə son zamanlar həm Baş Prokurorluq, həm də səfərbərlik xidməti tərəfindən kifayət qədər ciddi məlumatlar dərc olunur”.
Ədalət Verdiyev əlavə edib ki, bu korrupsiya elementi olan faktların qarşısının alınması üçün zəruru araşdırma və istintaq prosedurları həyata keçirilir. 1 iyul tarixindən yeni qanunun qüvvəyə minməsi, vətəndaşların yekun tibbi müayinəsinin həyata keçirilməsi ilə bağlı yekun nəticə rəsmiləşdirilərək narizliyin mərkəzləşdirilmiş electron sistemində yerləşdiriləcək. Bu isə həm şəffaflığın təmin olunmasında, həm də neqativ halların aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyacaq.
Aqil Qarayev