Sumqayıtda 31 yaşlı hamilə gəlin ərini bıçaqladı
    • 20-06-2024, 20:56
    • 457

Sumqayıtda 31 yaşlı hamilə gəlin ərini bıçaqladı


Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü İranə qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Məmmədi (adlar şərti verilib - red.) bıçaqlayıb.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə 19 iyul 2022-ci ildə, gecə saat 23 radələrində baş verib. İranə yaşadığı evin qonaq otağında qeyri-rəsmi yaşadığı Məmmədin onu hamilə vəziyyətdə qoyaraq getməsinə, ayrı-ayrı qızlarla görüşməsinə iradını bildirib.

Bu səbəbdən onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı İranə ərini cəzalandırmaq üçün qisas məqsədilə mətbəxdən götürdüyü bıçaqla onun sol qarın nahiyəsinə bir dəfə vurub. SEO Xidməti

Hadisəni törədən İranənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İranə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə iyulun 19-da gecə baş verib: "Hadisə baş verdiyi gün Məmməd sərxoş vəziyyətdə evə gəldi. Sərxoş vəziyyətdə olduğu üçün özünü idarə edə bilmədi və məni döyməyə başladı. Aramızda olan mübahisə təxminən 2 saat müddətində davam etdi. Məmməd mənim hər yerimə vurdu".

Təqsirləndirilən şəxs qeyd edib ki, Məmməd onu döyərkən 7 aylıq hamilə olub və onun uşağına xəsarət yetirəcəyindən qorxub: "Həmin vaxt divanın üzərində bıçaq var idi. Mən də məcbur qalaraq həmin bıçağı götürdüm və Məmməddən müdafiə olunmaq üçün onu vurdum. Məmmədi bıçaqla vurmaqda məqsədim sadəcə özümü və bətnimdəki uşağımı müdafiə etmək olub".

İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, İranəni 5 ildir tanıyır: "Biz 2 ildir ki, birgə yaşayırıq. Əvvəllər evli olmuşam. Əvvəlki evliliyimdən də övladım var. Hadisə baş verdiyi gün 0,7 litr miqdarında spirtli içki qəbul etdim və sərxoş vəziyyətdə oldum. Spirtli içki qəbul etdikdə öz hərəkətlərimi idarə edə bilmirəm. İranə ilə aramızda qısqanclıq zəminində mübahisə yarandı. Biz bir müddət mübahisə etdikdən sonra əsəbiləşərək bıçağı götürdüm. Lakin həmin bıçaqla ona zərbə endirmədim. Bıçağı divanın üzərinə tulladım. Sonra İranəni döydüm. Onu döydüyüm vaxt hamilə idi".

Zərərçəkmişin ifadəsinə görə, İranə ona bıçaq zərbəsi endirdikdən və onların mübahisəsi sona çatdıqdan bir müddət sonra ağrılarının olduğunu bilib: "İranə də dərhal məni xəstəxanaya apardı. Xəstəxanada məndən kim tərəfindən bıçaqlanmağım soruşuldu. Polis əməkdaşlarına da tanımadığım şəxslər tərəfindən bıçaqlandığımı bildirdim".

Məmməd deyib ki, bundan sonra bu məsələ yekunlaşıb, onlardan bu bıçaqlanma olayı ilə bağlı nəsə soruşan olmayıb: "Təxminən 6-7 ay sonra İranə ilə yenidən aramızda mübahisə yarandı. Bu mübahisə zamanı da sərxoş vəziyyətdə olmuşam. İranə əsəbiləşərək polis orqanına şikayət etdi".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İranənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.