-
- 24-06-2024, 16:09
- 4 205
Səbuhi Rəcəb gəlinini doğrayıb zibiliyə atan şəxsi necə aldadıb? - Şok detallar
Həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəbin yenidən cinayət məsuliyyətinə cəlb edilməsinin detalları açıqlanıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Səbuhi Rəcəbə yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.
Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb.
Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.
İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş.
Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsi ilə İ.Məhərrəmovun cəzasının şərti cəza ilə əvəz etdirəcək.
Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İ.Məhərrəmovun yaxınları aldanıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İdmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vədi verərək külli miqdarda pul ələ keçiriblər.
Müttəhim idmaçıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də sonradan ev dustaqlığına buraxılıb.