Səbuhi Rəcəb 9 il azadlıqdan məhrum edilə bilər
    • 17-04-2023, 15:40
    • 520

Səbuhi Rəcəb 9 il azadlıqdan məhrum edilə bilər

Azərbaycan Sambo və Kikboksinq Federasiyalarının sabiq vitse-prezidenti Səbuhi Rəcəbin (Vaqifoğlu) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı Eldar Həmzə çıxış edib.

Prokuror Səbuhi Rəcəbin verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərtilə 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə çıxışı üçün təqsirləndirilən şəxsin vəkilinə vaxt verilib.

İttihama görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək onlara qarşı 341 min manatlıq dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb 2003-2006-cı illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində inzibati və cinayət hüququ şöbəsində işləyib. O, 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub. Səbuhi Rəcəb 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.