"Bu qədər iyrənc şərhlər gözləmirdim” – Çingiz Mustafayevdən şok açıqlamalar - VİDEO
    • 20-05-2019, 21:31
    • 2 010

"Bu qədər iyrənc şərhlər gözləmirdim” – Çingiz Mustafayevdən şok açıqlamalar - VİDEO

“Eurovision2019” yarışması sona çatdı. Müsabiqənin7-si olan təmsilçimiz Ekspo Tel-Əviv səhnəsindəki hiss-həyəcanını, düşüncələrini News24.az –a danışıb.

 Müğənninin yarışmadan sonrakı ilk və geniş müsahibəsini təqdim edirik:

- “Eurovision” mahnı müsabiqəsində 41 ölkə arasında 7-ci oldun. Özünü hazırda necə hiss edirsən?-

-  Düşünürdüm ki, pis olacağam, amma yaxşıyam. Final gecəsində səhnədən düşəndən sonra xaricilər məni qucaqlayıb ağlayırdılar. Müxtəlif ölkələrdən dəstək gördüm. Bu, çox gözəl bir hissdir. Açığı, bu qədərini gözləmirdim. Özümü qalib olmuş qədər xoşbəxt hiss edirəm. 

- Yarımfinal və final gecəsində “Eurovsion” yarışması və sənin birinci olman ehtimalı ilə bağlı neqativ şərhlər yazılırdı… 

- Bunların hamısından xəbərim var. Bütün bu şərhlərdən şokdayam, heç gözəmirdim. Çoxu yazırdı, bu müqəddəs Ramazan ayında dua edəcəyik ki, birinci yerə çıxmayasan. İnsanlardan bu qədər iyrənc şərhlər gözləmirdim. Bizim düşmənlərimiz belə, - Instaqramda baxa bilərsiniz, - Azərbaycanı dəstəkləyirdilər. Demirəm ki, Azərbaycanda hamı məni dəstəkləsin. Onsuz da səs verə bilməyiblər. Amma bu qədər də ürəkbulandıran şərhlər yazıb düşmənləri sevindirməsinlər. Həmin insanlara nə deyə bilərəm?! Bilmirəm onlar nə yeyirlər, nə ilə qidalanırlar, necə böyüyürlər, hansı tərzdə yaşayırlar. Onlara Allahdan sadəcə, şəfa diləyirəm. Çünki bu normal reaksiya deyil. Onlar azərbaycanlı ola bilməzlər, bütün Avropa Azərbaycanı bu yarışmada dəstəklədi. Səhnə arxasında hər kəs yaxınlaşıb “niyə birinci olmadınız” deyə təəssüf edirdilər. Niyə bunu azərbaycanlılar istəməsinlər ki? Pislər hər zaman var. Yaxşılarımızın əllərindən və gözlərindən öpürəm. Bilirəm ki, mənə görə çoxları həyəcan keçirdi. 

- Neqativ şərhlər final günü sənə mane olmadı ki?

- Qətiyyən, səhnədə o qədər rahat idim ki, heç vecimə də almırdım. Çünki neçə ildir Azərbaycanda yaşayıram və bilirəm ki, bəziləri bunu yazmağa qadirdilər. Ona görə də, çox rahat qəbul elədim. Bu cür şərhləri yazanlara demək istəyirəm ki, sizə ayıb olsun! 

“Biz birinci olmalıydıq”

- Təklif olunsa, “Eurovision”a ikinci dəfə qatılarsanmı?

- Qatılaram, çünki biz birinci olmalıydıq. Bunu yaxşı oxuduğuma görə demirəm. Bizim səhnəmiz və mahnımız möhtəşəm idi. Avropa həqiqətən də, mahnımızı çox sevdi. İsrailin özündə çox böyük dəstək gördüm. Şəhərdə gəzəndə qucaqlayıb şəkil çəkdirirdilər. Mənə yaxınlaşanda “Çingiz” yox, “Azərbaycan” deyirlər. Bu, çox qürurverici hissdir. 

“Eurovision”un siyasi müsabiqə olduğunu bir daha anladım”

- 41 ölkə arasıdna 7-ci yeri qazanmaq sənin karyerana necə təsir edəcək?

- Nəyi dəyişəcəyini bilmirəm, amma mən birinci olmağı gözləyirdim. Çünki xaricdən gələn reaksiyalar bizim birinci olacağımızı deyirdi. Bunu hər kəs də belə yazırdı. Yəni gözləntilər başqa idi. “Eurovision”un siyasi müsabiqə olduğunun bir daha şahidi oldum. Burada sənin necə oxuduğun önəm damşımır. 

- “Eurovision” sənətçinin əlindən nəyi alır? 


- Bu yarışmada iştirak etmək möhtəşəm bir hissdir. Çox yaxşı təcrübə idi. İnanmıram ki, belə bir hissi bir də nə vaxtsa yaşayaram. Yeni insanlarla tanış oldum, dostlaşdım. Həyatım və baxışım tamamilə dəyişdi. 

- “Eurovision” müsabiqəsində təmsilçilik dövründə sənətçi qarşısında müəyyən tələblər qoyulur... 

- Təzə başlayanda həm çətin, həm də zövqlü oldu. İstər -istəməz sağlamlığımda da müəyyn problemlər yarandı. Həyəcan və stress problemi, qida probemləri yaranır. Artıq iki aydır ki, çətin nəfəs alıram. Bakıya qayıdandan sonra müalicə üçün iki həftəlik xaricə gedəcəm. Hər şey Vətənim Azərbaycan üçün.  Bəlkə də daha yaxşısını edə bilərdim. Amma mən bütün gücümü səhnədə qoydum. 

- Bizimlə söhbətin zamanı 3 il Silahlı Qüvvələrdə olduğunu, eyni zamanda şəhidlər üçün “Ana, mən şəhid oldum" mahnısını ifa etdiyini dedin. 

- Mən o mahnını Vətən və torpaq üçün oxudum. Azərbaycanın uğuruna sevinməyən xainlər üçün yox. Amma bunları deməyə ehtiyac yoxdur, çünki insan yaxışı əməlini dilə gətirirsə, o, sayılmır. Buna görə də, Azərbaycan üçün nələr etdiyimi demək istəməzdim. Allah nəsib edər, Azərbaycanı bundan da böyük səhnələrdə təmsil edərəm. 

- Ola bilərmi ki, bütün bu yaşananlar səni bezdirsin və ölkədən gedəsən? 

- Yox, burda Vətənin nə günahı var ki...Azərbaycanın uğuruna sevinməyən, pislik istəyənlər, təbii ki, insanı bezdirir. Amma mən xoşbəxtəm, içimdə sevgi çoxdur. O sevgi belə niftərə güc gələ bilir. Bayaq da dediyim kimi, Allah həmin insanlara şəfa versin. 
 
- Hansısa ölkədən təklif alsan, dəyərləndirərsən? 

- Niyə də yox?! Azərbaycanın adını qaldırmaq üçün daha başqa ölkələrdə böyük səhnələrə çıxmaq istərdim. Düşünürəm, mən Azərbaycanda daha nə edə bilərəm? Toya gedirəm, konsertlər verirəm. Yəni 11-12 il ərzində nələrsə eləmişəm. Bundan sonra da xidmət göstərmək istəyirəm, amma daha böyük həcmdə. Muğamı necə səsləndirdimsə, eləcə də başqa etnik musiqilərimizi təbliğ eləmək istəyirəm. İstərdim ki, Azərbaycan musiqisini daha böyük səhnələrdə tanıtdırım. 

- Peşəkar gitara ifaçısısan. Eurovision səhnəsinə gitara ilə çıxsaydın, daha irəlidə ola bilərdinmi? 

- Ola bilər, gələn dəfə belə bir şey edək. 

Avropada çoxsaylı fanatların var. Onların arasında qızlar çoxluq təşkil edir. Səni dəlicəsinə sevirlər. Olar bilərmi, qeyri-azərbaycanlı ilə ailə qurasan? 

- Mən millətləri ayırmıram. Önəmli olan sevgidir. Əlbəttə, ola bilər. Bu hissdir və hər şey olar bilər. Azərbaycanda kifayət qədər xariciylə ailə quran insanlar var. 

- “Eurovision”dan sonra toy qiymətlərində dəyişiklik olacaq? 

- Bu barədə danışmaq istəmirəm. Çünki “Euroviison”dan sonra insan həmin səviyyəyə düşmək istəmir. 

Müsahibənin sonunda gənc müğənni ona həyəcanlı günlərdə, yarışma boyunca dəstək olan insanlara təşəkkür etməyi də unutmadı: “Sonda Azərbaycan xalqına təşəkkür edirəm. Bilirəm ki, televiziya qarşısında ağlayanlar, həyəcan keçirənlər çox oldu. Mən əlimdən gələni etdim. Mənlik bu qədər!”

Ülkər Qasımova
Teymur Məmmədov