Fazil Mustafadan təhsillə bağlı ÖNƏMLİ AÇIQLAMA
    • 28-06-2024, 13:37
    • 264

Fazil Mustafadan təhsillə bağlı ÖNƏMLİ AÇIQLAMA

Deputat, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Milli Məclisin iclasındakı çıxışında əvvəlcə ölkə Prezidenti tərəfindən Milli Qəhrəman adı verilmiş şəhid Natiq Qasımovun anasına Prezident təqaüdünün verilməsinə diqqət çəkib və bu addımı yüksək qiymətləndirib.

News24.az-ın xəbərinə görə, o bildirib ki, hətta illər keçsə belə, Vətən qarşısında xidmətləri olmuş şəxslər unudulmur.

Fazil Mustafa daha sonra təhsildəki vəziyyətdən danışıb.

Bildirib ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da təhsil səfərbərliyinə başlamaq lazımdır:

“Biz elə bilirik ki, ölkədə sanki saxta diplom alanlar ancaq müəllimlərdir. Müəllimlər zəif bənddir. Biz bunu ciddi araşdırmalıyıq. Biz müəllimlərin sosial durumlarına baxsaq, görərik ki, bəzilərinin sertifikasiya prosesinə hazırlaşmaq imkanı yoxdur. Digər tərəfdən, direktorlar üçün səlahiyyət müddəti 5 il müəyyən olunub. Bu müddətdə direktor məktəbi necə toparlaya bilər? Ona görə də ölkədə təhsil sahəsində səfərbərlik gücləndirilməlidir”.

Deputat qeyd edib ki, Azərbaycanda 44 günlük müharibədən və antiterror tədbirlərindən sonra təhsil səfərbərliyinə ehtiyac var.

Fazil Mustafa bildirib ki, DİM-in dərc etdiyi məlumatlar da təhsilimizdəki real vəziyyəti nümayiş etdirir.

Deputat müəllimlərin sertifikasiyasından sonra əməkhaqqı artımına da yenidən baxılmasını zəruri sayıb. Bildirib ki, 30-a qədər bal toplayanlarla 50-dən yuxarı bal toplayanların eyni şkala üzrə qiymətləndirilməsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, 30-la 50 arasında böyük məsafə var:

“40-dən 50-yədək bal toplayanlara əlavə artımlar verilməlidir. Biz təhsil səfərbərliyinə başlamalıyıq və ciddi dəyişikliklər etməliyik”.