-
- 28-06-2024, 21:20
- 433
“Ölülər şəhəri” aşkar edildi
Arxeoloqlar Misirin Asvan şəhərində 300-dən çox məzar tapıblar. Əsası 4500 il əvvəl qoyulan şəhərin mühüm ticarət, karxana və hərbi bölgə olduğu, lakin burada yaşayan insanların həyatının uzun müddət sirr olaraq qaldığı bildirilib.
News24.az xəbər verir ki, beş ildir ki, ərazidə işləyən komanda bu yaxınlarda 900 il ərzində təkrar istifadə edilmiş, hər birində 30-40 mumiya olan 36 məzar aşkarlayıb. Mumiyaların əksəriyyətində xəstəlik əlamətləri olub. Uşaqlarda anemiya və qida çatışmazlığı aşkar edilib.
Mumiyalar üzərində aparılan araşdırmalar göstərib ki, dəfn edilənlərin 30-40 faizi gənclik, yeni doğulmuş və ya yeniyetməlik illərində ölüb.
Qazıntı zamanı insanların siniflərinə görə dəfn edildiyi də məlum olub.
Komanda Asvanın baş komandirinin mumiyalanmış qalıqları da daxil olmaqla, elitanın yuxarıda, orta təbəqənin isə aşağıda olduğunu müəyyən edib.
Milan Universitetinin arxeoloqu Patrizia Piacentini "Bu, həqiqətən də Misirdə unikal olan möhtəşəm tapıntıdır" dedi.
Qeyd edək ki, dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biri olan Asvan Nil çayının şərq sahilində yerləşir. Bu gün də mövcud olan bir çox qədim Misir abidələrini qranitlə təmin edən karxanaların evi olub.
Günel Məlikzadə