Fuad Abbasovun anası:
    • 22-05-2019, 15:27
    • 922

Fuad Abbasovun anası: "Sizdən Fuadın həbsinə təkcə dəstək yox, hərəkət də gözləyirəm"

"Fuad Abbasovla bağlı Rusiya səfirliyinin və Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirilməsi qərar alınıb".  

News24.az-ın məlumatına  görə, bunu Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada bildirib. Onun sözlərinə görə, bu toplantı fövqəlada tədbir kimi qiymətləndirilməlidir: "Beynəlxalq Diaspora Mərkəzi və Beynəlxalq insan haqları Bürosunun təşkilatçılığı ilə biz bu tədbiri təşkil etmişik.

Fuad Abbasov uzun illərdir Rusiyada Azərbaycanı və Türkiyəni əsgər kimi təmsil edir. Fuadı qandallamaqla sanki bizi tutublar. Bu gün Fuad yalnız olmamalıdır. Bu olayla Azərbaycanın Rusiyadakı səfirindən konkret addım gözləyirik. Bu məsələ Rusiya Azərbaycan münasibətlərinə kölgə gətirilməməlidir. Amma Fuadın Rusiyada ən qatı cinayətkar kimi həbs olunması yolverilməzdir. Rusiya dövlətinə, qurumlarına onun bu formada həbs olunmasına etirazımızı bildirməliyik.  Mən düşünürəm ki, Rusiyada lobbiçiliklə məşğul olanların Fuadın tutulmasında əli var. Ölkə başçısı İlham Əliyev və Xarici İşlər Nazirliyi tərəfindən bu məsələyə müdaxilə olunmasınıı xahiş edirik”. 

İ.Ağayev onu da bildirdi ki, dünən Türkiyə Məzunlar Birliyi tərəfindən də təcili tədbir keçirilib, Fuad Abbasovla bağlı işçi qrupu, onun hüquqlarını Müdafiə Komitəsi yaradılıb. 

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov isə bildirdi ki, Fuadın deportasiya olunması onun həyatının təhlükədən xilas edib:"Fuad Rusiyada elə problemlərə toxunurdu ki, biz onun həyatının təhlükədə olmasından narahat idik. İşçi qrupu yaradılmalıdır, etiraz edilməlidir, imza toplama kampaniyası geniş şəkildə aparılmalıdır”.

Fuad Abbasovun anası Billur Abbasova da çıxışında azərbaycanlılara müraciət etdi: "Fuad bu işə başlayanda mən dedim ki, onun səsini boğmaq, Azərbaycanın səsini boğmaq deməkdir. Fuad Azərbaycanındır, əgər bu gün Fuada dəstək olmasaq, itirən biz olacağıq. Mənım 40 il pedoqoji fəaliyyətim olub, vətəni sevdirməyi şagirdlərimə öyrətmişəm. Bu gün həm müəllim, həm də ana kimi sizin, xalqımın dəstəyini gözləyirəm. Yalnız dəstək yox, həm də bu məsələnin həlli üçün hərəkət, kömək gözləyirəm". 

Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adgözəlov isə Azərbaycanın  Rusiyadakı diasporlarının fəaliyyətsizliyindən şikayətləndi: "Fuadın həbs olunması sifarişdir, Rusiyada deyil, amma Gürcüstanda kifayət qədər bizi sevməyənlər, ermənilərə xidmət edənlər var. Azərbaycanın dövlət orqanları tez bir zamanda bu məsələyə müdaxilə etməlidir. Biz Rusiya Xarici İşlər Nazirliyinə, Azərbaycanın Rusiyadakı səfirliyinə, Ombudsmana Fuadla bağlı müraciət edəcəyik". 

Tədbirdə Fuad Abbasovla bağlı imza toplandı və bunun aidiyyatı qurumlara catdırılacağı vurğulandı. 

Afaq Mirayiq