Yaponiyada 20 ildən sonra ilk
    • 3-07-2024, 11:21
    • 494

Yaponiyada 20 ildən sonra ilk

Yaponiya Bankının (BoJ) Tokionun Nihonbaşı rayonunda yerləşən baş qərargahında təzə yapon yeni əskinasları təqdim edilib.

News24.az xəbər verir ki, BOJ qubernatoru Ueda Kazuonun ev sahibliyi etdiyi təqdimat mərasimində təzə 1000, 5 min və 10 min Yapon yeni əskinasları nümayiş etdirilib.

Ueda Yaponiyada digər Asiya ölkələri ilə müqayisədə "nağdsız ödənişlərin daha aşağı" olduğuna diqqət çəkib.

Nağd pulun Yaponiyanın gələcəyində etibarlı ödəniş üsulu kimi rol oynayacağını qeyd edən Ueda, yeni əskinasların iqtisadiyyatda "qarşılıqlı əlaqəni gücləndirəcəyini" qeyd edib.

Birinci mərhələdə BoJ 1,6 trilyon yen (9,9 milyard dollar) dəyərində yeni əskinasları dövriyyəyə buraxmağı planlaşdırır.

Qeyd edək ki, 2004-cü ildən sonra ilk dəfə dövriyyəyə buraxılan Yen əskinaslarında daha asan oxunması üçün yerli dildə "kanci" simvolu olan rəqəmlər daha böyük şriftlə çap edilib.

Hökumətin Milli Çap Bürosu (NPB) Yapon yeni əskinaslarında ilk dəfə olaraq 3D holoqram texnologiyasından istifadə edildiyini açıqlayıb.

Eyni zamanda, "Saxtakarlığın qarşısını almaq" üçün istifadə edilən 3D holoqram texnologiyası sayəsində yaradılan yeni dizaynla təhlükəsizliyin və istifadəyə yararlılığın artırılması hədəflənir.

Yeni 10 min yenlik əskinasın ön tərəfində Yaponiya sənayesinin yaradıcılarından biri olan "Eiichi Shibusawa", arxa tərəfində isə Tokio vağzalının binası təsvir olunub.

5 min yenlik əskinasın üz tərəfində yapon qadınlarının təhsilində qabaqcıl rol oynamış və “Tsuda Universiteti”nin yaradıcısı olan “Umeko Tsuda”, arxa tərəfində isə visteriya çiçəyi var.

Yeni 1000 yen əskinasın ön tərəfində bakterioloq "Şibasaburo Kitasato", arxa tərəfində isə Yapon Ukiyo-e rəsminin məşhur "Kanaqavada Böyük Dalğa" tablosu əks olunub.

Günel Məlikzadə