-
- 4-07-2024, 14:31
- 285
“Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq” - Bştikyan
Ermənistan Avropa Birliyinin (AB) üzvü ola bilməyəcək.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni politoloq Artak Bştikyan deyib.
Onun sözlərinə görə, AB ilə bağlı planları alınmayan Baş nazir Nikol Paşinyan şantaja baş vura bilər. Məsələn, Rusiya ilə yaxınlaşma görüntüsü yaratmaqla.
“Avropa Parlamentinə seçkilərdən sonra Avropada siyasi sunami baş verdi. Bunun bariz nümunəsi ötən bazar günü növbədənkənar parlament seçkilərinin ilk turunun keçirildiyi Fransadır. AB-nin bu qurucu və ən mühüm dövləti və bütün Avropada AB-nin genişlənməsinə qəti şəkildə qarşı olan qüvvələrin hakimiyyətə gələcəyi ehtimalı var. Bu qüvvələr nəinki AB-nin genişlənməsinə qarşıdırlar, hətta 27 üzv ölkə öz aralarında olan problemləri həll edə bilmir. Ermənistan kimi AB standartlarından onilliklər uzaq olan Ermənistanın birliyə üzv olacağını düşünmək mümkün deyil.
İnsanlarımıza söyləmək istəyirəm ki, tezliklə Avropaya sərbəst gedib-gələ biləcəyimiz barədə deyilənlərin hamısı yalandır. Bu, mümkün deyil və mümkün də olmayacaq, hətta avropalı diplomatlar da bunu bildirirlər”, - Bştikyan qeyd edib.
Politoloq hesab edir ki, Paşinyan hara getdiyini bilmir, bu səbəbdən yenidən Rusiyaya üz tuta bilər:
“Nikol Paşinyanın bir gün öz yolundan dönəcəyini istisna etmirəm və bundan təəccüblənmərəm. Dəfələrlə uzunmüddətli anti-Rusiya mövqeyindən sonra mövqeyinin dəyişməsinin şahidi olmuşuq”.