YAZIÇI "REKET JURNALİST"LƏRƏ QARŞI - FOTO
    • 4-07-2024, 17:23
    • 846

YAZIÇI "REKET JURNALİST"LƏRƏ QARŞI - FOTO

Yazıçı Müşfiq Abbasovun sosial şəbəkə hesabında paylaşdığı yazı gündəm olub. 

News24.az-ın məlumatına görə, o, “Reket jurnalistika” ilə məşğul olan bəzi "qələm əhli"ni, jurnalistikadan sui-istifadə edənləri, habelə bu peşəni media fəaliyyətlərində öz xeyirləri üçün dəyərləndirənləri tənqid edib.

Müşfiq Abbasovun bu statusu peşəkar media nümayəndələri arasında ciddi müzakirəyə səbəb olub. Məşhur jurnalistlər yazıçının fikirlərini dəstəkləyərək şərh bölümündə fikirlərini bildiriblər

“Reket jurnalist”lərin ölkə mediasında kifayət qədər çox olduğunu deyən Müşfiq Abbasov öz sözlərini belə ifadə edib:

"Məni tanıyanlar bilir ki, ixtisasca hüquqşünasam. Amma tale elə gətirib ki, bir neçə ildir ki, jurnalistlərlə işləyirəm. Bir hüquqşünas kimi jurnalistləri analiz edib bu nəticəyə gəldim ki, bu sahədə əsl jurnalistlərlə bərabər "reket jurnalistlər" də çalışır və sayları da kifayət qədər çoxdur. Birinci təbəqəyə hörmətim böyükdür və ölkədə sayılıb-seçilən tv və saytlarda doğrudan da peşəkarlar var. Bunların içərisində dostlarım da kifayət qədərdir. 

Gələk ikinci təbəqəyə... əsas da problem burdadır. İş adamları, biznesmenlər və tanınmış digər imkanlı şəxslərin "ovuna" çıxan bu ləyaqətsiz və mənəviyyatsız təbəqə bir-birinə "pas" otürməklə məşğuldur”.  Jurnalist adına xələl gətirən bu murdarlar istər feyzbuk üzərindən, istərsə də evlərindəki mətbəxdən idarə etdikləri saytları vasitəsilə özlərindən milyon dəfə artıq insanları guya öz aləmlərində ləkələməklə "yem" dalınca qaçırlar. Sözüm həmin "juliklərədir". Küçədəki itə yemək vermək sizə "haqq" verməkdən daha savabdır. 

İt hürər karvan keçər. Kişi olan bəndə ağarmış bığından, qadın olan bəndə yurdundan utanar.  Hərçənd utanmaq hissi də ləyaqətli insanlara aiddir. Siz çirkin işlərinizlə dağdan ancaq toz qopara bilərsiniz. Özünüz bir adamın dərdinə dərman deyilsiniz, edəni də gözünüz götürmür. Belə bir məqamda tozlu yola uzanın və dua edin ki, üstünüzə yağış yağsın. Ehtimal ki, içinizdə olan kin, nifrət və paxıllıq ancaq palçıqlı su ilə çıxar..., o da üstünüz torpaqlandıqdan sonra..."