Vüqar Əliyev: “Sədərək” gömrük postunda gündəlik 3000 nəfərə yaxın vətəndaşa xidmət göstərilir”
    • 6-07-2024, 18:23
    • 204

Vüqar Əliyev: “Sədərək” gömrük postunda gündəlik 3000 nəfərə yaxın vətəndaşa xidmət göstərilir”

Azərbaycanın açıq olan yeganə quru sərhədi “Sədərək” gömrük postunda gündəlik 2500-3000 nəfərə yaxın vətəndaşa xidmət göstərilir.

News24.az “Report”-a istinadən xəbər verir ki, bunu iyulun 5-6-da Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura üzvlərinin və media nümayəndələrinin Naxçıvan Baş Gömrük İdarəsinə səfəri zamanı Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev deyib.

O bildirib ki, bu gün Azərbaycanın açıq olan yeganə quru sərhədi Türkiyə ilə olan Sədərək Gömrük Postudur.

“Eyni zamanda 350-400-ə yaxın minik nəqliyyat vasitəsinə xidmət göstərilir. Buraxılış məntəqəsi 24 saat ərzində fəaliyyət göstərir. Hazırda Naxçıvanda qeydiyyatda olan vətəndaşlar üçün giriş-çıxış açıqdır. Qeydiyyatda olan vətəndaşlar sərbəst şəkildə qardaş dövlətə gedib gələ bilərlər. Eyni zamanda Türkiyə vətəndaşları da Naxçıvana rahat giriş-çıxış edə bilirlər”, - deyə V.Əliyev əlavə edib.