-
- 8-07-2024, 17:53
- 339
Məkkədən paylaşılan görüntülər müzakirəyə səbəb oldu – FOTO
“Adamlar Allahın yüzlərlə ayəsini inkar edərək bir ayəsini icra etməyə gediblər guya. Keçi yerdə yatarkən ayağı ilə yatacağı yeri təmizləyir. Quşlar, heyvanlar yuvalarını təmiz saxlayırlar ki, həşəratlar yığışmasın. Geyimini təmiz saxla! Pis şeyləri tərk et!” (Müddəssir surəsi 4-5) “Allah təmizlənənləri sevir.” (Tövbə surəsi 108)”.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri ilahiyyatçı Tural İrfan Məkkədən paylaşılan xoşagəlməz foto ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu mənzərədəki görkəmi siz heç bir heyvanın yuvasında müşahidə etməzsiniz:
“Bu hərəkətə vəhşilik deməyə də dilim gəlmir. Vəhşi heyvanlardan həya edirəm. Dili olsa, qayıdıb deyər ki, biz nə vaxt yuvamızı belə saxlamışıq ki, bizə bənzədirsən həmin adamları? İlk görünüşdən belə nəticəyə gəlmək olar ki, o adamların, onları orada bu şəraitdə saxlayanların, etiraz etməyənlərin əsla islamdan, Qurandan xəbərləri yoxdur. Buna islamdan əvvəlki cahiliyyə dövrü demək olar”.
İlahiyyatçı islam qədər təmizliyə önəm verən ikinci dinin olmadığını bildirib:
“Qüsl, dəstəmaz, təyəmmüm kimi təmizlənmə növləri Quranda əmr olunur. Hətta təmizlənərkən hansı əzanın hansından əvvəl yuyulmasına kimi xırdalanır. Yola düşmüş bir daşı kənara atmaq ən böyük sədəqədir. “Evinizi, yolunuzu, geyiminizi, məscidinizi təmiz saxlayın ki, ruzi çəkilməsin” deyən peyğəmbərin ümmətinə baxın indi. Quranda deyildiyi kimi, demək, belələri sadəcə, islamı qəbul ediblər, iman gətirməyiblər”.