İran Fərid Səfərlini Azərbaycana buna görə təhvil vermir - VƏKİL
    • 10-07-2024, 23:12
    • 1 250

İran Fərid Səfərlini Azərbaycana buna görə təhvil vermir - VƏKİL

Bildiyiniz kimi, Azərbaycan vətəndaşı Fərid Səfərli 1 ildən artıqdır ki İranda casusluq ittihamı ilə həbsdədir.

Belə ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfər edib. 

Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. 

Onlar İstanbulda görüşmək qərarına gəliblər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. 

Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etməyib. Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib. Maraqlıdır, İranla Azərbaycan arasında məhbus mübadiləsi varmı və azərbaycanlı tələbə ölkəmizə qaytarıla bilərmi?

Hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ölkələr arasında bununla bağlı 1998-ci ildə anlaşma imzalanıb: 

"Hələ 1998-ci ildə İranla Azərbaycan arasında hüquqi yardımla bağlı müqavilə bağlanıb. Müqaviləyə görə, hansısa şəxs axtarışda olarsa, istintaq prosesində dövlətlər bir-birinə kömək etməlidir. Yəni baş vermiş cinayət hadisəsinin araşdırılmasında dövlətlər bir-birinə hüquqi yardım göstərməlidirlər". 

Onun sözlərinə görə, İran tərəfi onu casusluqda ittiham etdiyi üçün Azərbaycana təhvil verməyə bilər: 

"Fərid Səfərli  casusluğa cəhddə ittiham olunur. Ona görə də inanmıram ki, Azərbaycan onun həbsininin burada çəkilməsini istəsə belə, İran tərəfi buna razılıq verə. Azərbaycan cəmiyyəti, hüquq-mühafizə orqanları Fəridin casusluq etməsinə inanmır. 

Ona görə də İran hökuməti hesab edə bilər ki, Fərid təhvil verilsə, dərhal azadlığa buraxılacaq. Ola bilsin, bu, İranın Azərbaycana qarşı cavabıdır. Çünki Azərbaycanda İrana qarşı casusluqda təqsirli bilinən şəxslər həbs olunmuşdu. Ola bilsin, Fərid burada sadəcə İran tərəfinin seçdiyi qurbandır. İran Fəridin ora getməsindən istifadə edərək onu məhkum edib. Qısası, düşünmürəm ki, İran onun Azərbaycana verilməsinə razı olsun".