"Sui-qəsdçini tanıyırıq, lakin səbəbini bilmirik
    • 15-07-2024, 09:05
    • 220

"Sui-qəsdçini tanıyırıq, lakin səbəbini bilmirik"

ABŞ-ın keçmiş prezidenti Donald Trampa edilən sui-qəsddən sonra ABŞ prezidenti Co Bayden növbəti dəfə kameralar qarşısına keçərək mətbuata açıqlama verib.

News24.az xəbər verir ki, sui-qəsd cəhdi zamanı həlak olan keçmiş yanğınsöndürən Corey Comperatorenin ailəsinə başsağlığı verən Bayden, hücumda həyatlarını riskə atan Gizli Xidmət agentlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına da təşəkkür edib.

ABŞ-da hər hansı bir zorakılığa yer olmadığını deyən Bayden, "Sui-qəsd, millət olaraq müdafiə etdiyimiz hər şeyin əksi bir davranışdır" deyib.

"FTB təhqiqat aparır. Hücum edənin kim olduğunu bilirik, lakin səbəbini bilmirik" deyən Bayden bu şəxsin motivi və ya əlaqələri haqqında fərziyyələr irəli sürməməyə çağırıb.

Məsələ ilə bağlı təhqiqatın “tez və tam” aparılması əmrini verdiyini bildirən Bayden, istintaq davam edərkən, prezidentliyə və vitse-prezidentliyə namizədlərin iştirak etdiyi Respublikaçılar Partiyası Milli Konqresi üçün bütün təhlükəsizlik tədbirlərinin görülməsini əmr etdiyini söyləyib. 

Məsələ ilə bağlı müstəqil araşdırma aparılacağını və nəticələrin ictimaiyyətlə paylaşılacağını bildirən Bayden ABŞ xalqını birləşməyə dəvət edib.

Günel Məlikzadə