Səyyad Aran niyə vəzifədən azad olundu?
    • 15-07-2024, 14:34
    • 268

Səyyad Aran niyə vəzifədən azad olundu?

    

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı (Səyyad Aran) vəzifəsindən azad edilib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, yazıçı-publisist Səyyad Aran 15 yanvar 1952-ci ildə İmişlidə anadan olub. Ailədə 10 uşaq olublar və o, ailənin ilkidir.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini 1972-ci ildə bitirib. İkinci ali təhsilini Bakı Dövlət Universitetində alıb və 2001-ci ildə BDU-nun Hüquq fakültəsindən məzun olub.

2005-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1974-cü ildən 1989-cu il dekabrın sonuna qədər 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra ilk partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

1990-cı ildə İmişli Rayon Xalq Təhsil şöbəsinin müdiri olub.

2 yanvar 1991-ci ildə “Elm” qəzetində Azərbaycan şöbəsinin müdiri işləyib. 1992–1995-ci illərdə isə “Səs” qəzetinin baş redaktorunun birinci müavini olub.

2001-2006-cı illlərdə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləyib.

2011–2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi kimi çalışıb.

1995 və 2000-ci il seçkilərində deputat seçilib. 2006-2010-cu illərdə İstanbulda baş konsul olub.

2012-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədrinin birinci müavini idi.

YAP-ın qurucularından olan Səyyad Aran ədəbi fəaliyyəti ilə diqqət mərkəzində olub, çoxsaylı əsərlərin müallifidir.

Səyyad Aranın hazırda 72 yaşı var və o, yaşı ilə bağlı pensiyaya göndərilib.