Ağcaqanadlar İrandan Azərbaycana ölüm gətirəcək?
    • Bu gün, 18:42
    • 78

Ağcaqanadlar İrandan Azərbaycana ölüm gətirəcək?

İranda yayılan denge qızdırması Ərdəbil əyalətinin Azərbaycanla sərhəddə yerləşən Biləsuvar rayonuna çatıb.

Bir müddətdir, İranın bir neçə əyalətində yayılan və bir neçə nəfərin ölümünə səbəb olan denge qızdırması bölgənin kabusuna çevrilməkdədir. Biləsuvar fərmandarı xəstəliyə aedes ağcaqanadlarının səbəb olduğunu deyib.

Artıq sərhədlərimizə qədər gəlmiş denge qızdırması nədir və onun Azərbaycanda da yayılması ehtimalı varmı?

News24.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan infeksionist Mərdan Əliyev deyib ki, hemorragik xəstəliklər sinifinə aid olan denge qızdırması təhlükəli viruslar tərəfindən törəyir:

Mərdan Əliyev: "Ölkəmizdə də artıq vaksin istehsalına başlanılmalıdır"

"Xəstəliyin ilkin simptomları yüksək hərarət, halsızlıq, sümük və əzələ ağrıları, baş ağrılarıdır. Ağırlaşmalar zamanı xüsusi qanaxmalar olur. Qanaxmalar həm daxili orqanlarda, həm də xaricdə - dəridə və s. özünü göstərir. Buna görə də denge qızdırmasını hemorragik xəstəliklər sinfinə aid edirik. Xəstəliyə yoluxan insanların ölüm riskləri də yüksək olur".

İnfeksionist denge qızdırmasını İrana xas olmayan xəstəlik kimi qiymətləndirib:

"Denge qızdırması endemik xəstəlikdir. Xəstəliyin yaylılmasına xüsusi ağcaqanadlar səbəb olur. Xəstəlik əvvəllər İranda özünü nadir göstərsə də, son bir neçə ayda daha çox müşahidə edilir. Buna baxmayaraq, xəstəlik İrana xas deyil. Xəstəliyin İrana gəlib çıxmasının səbəbi iqlim dəyişikliyi ilə bağlıdır. Son vaxtlar müşahidə edilən qlobal istiləşmə nəticəsində fəsillərdə dəyişkənlik baş verib. Bu da bəzi yerlərdə quralıq və istiliyin artmasına, bəzi yerlərdə isə yağışların çoxalmasına gətirib çıxarır. Bununla da balans pozulur, yağış, quraqlıq düzgün paylanmır nəticədə yeni xəstəliklər yaranır".

Ekspert xəstəliyin Azərbaycanda da yayılması ehtimalının olduğunu istisna etməyib:

"Xəstəliyi törədən ağcaqanadların yaşaması üçün mühit lazımdır. Bu mühit indiyə qədər bizdə olmayıb. Amma xəstəliyin ölkəmizə gəlməsi nzəri cəhətdən mümkündür. Əvvəllər Afrika ölkələrində olan bu xəstəlik müəyyən müddət sonra İranda özünü göstərir. İran da Azərbaycanla sərhəd, qonşu ölkədir. Xəstəlik və xəstəliyi yayan ağcaqanadla Afrikadan İrana gəlib çıxıbsa, oradan da bizə keçə nilər. Çünki son zamanlar ölkəmizdə də anomal istilər müşahidə olunur".