Qlobal bazarlarda Tramp "qorxusu"
    • 19-07-2024, 21:30
    • 663

Qlobal bazarlarda Tramp "qorxusu"

ABŞ-ın keçmiş prezidenti Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində yenidən seçilmə ehtimalının artması qlobal bazarlarda ticarət müharibələrinin yenidən başlaya biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

News24.az xəbər verir ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın həftəsonu sui-qəsd cəhdindən sonra keçirilən səsvermələrdə rəqibi Co Baydeni üstələməsi ilə prezidentlik yarışı daha da qızışıb.

Noyabrın 5-də ölkədə keçirilməsi planlaşdırılan seçkilər gündəmdə olsa da, seçki prosesi ilə bağlı inkişaflar və prezidentliyə namizədlərin açıqlamaları bazarlara daha çox təsir etməyə başlayıb.

Trampın yenidən seçiləcəyi təqdirdə həyata keçirəcəyi siyasətlərin qiymətlərə və investisiyalara təsiri bazarlarda yaxından izlənilir, bu ehtimalın güclənməsi ticarət müharibələrinin yenidən başlaya biləcəyi narahatlığını artırıb.

Onu da qeyd edək ki, ilk prezidentlik dövründə ticarətdə proteksionist siyasət yürüdən Tramp, yenidən seçiləcəyi təqdirdə bu siyasətlərin daha da sərtləşə biləcəyinə dair açıqlamaları ilə işarə edir.

Tarifləri gəlir mənbəyi kimi görən Tramp amerikalılar üçün vergi endirimlərini tariflərlə maliyyələşdirməyi planlaşdırır. Tramp iddia edir ki, tariflər Amerika istehsalını stimullaşdıracaq, xarici mallardan asılılığı azaldacaq və ölkənin xarici ticarət kəsirini azaldacaq.

Günel Məlikzadə