Respublikaçılar Baydeni “istefaya” çağırdı
    • 22-07-2024, 08:55
    • 223

Respublikaçılar Baydeni “istefaya” çağırdı

Baydenin yarışdan geri çəkilməsindən sonra ilk reaksiya Respublikaçılar və Demokratlardan gəlməyə başlayıb.

News24.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Respublikaçı Mayk Conson X hesabında yazıb ki, Demokratlar Partiyası seçkiyə 100 gün qalmış öz namizədini seçkilərdən kənarlaşdırıb.

"Əgər Co Bayden prezidentliyə namizəd olmaq üçün yararsızdırsa, o, prezident vəzifəsini icra etməyə yararsızdır. O, dərhal istefa verməlidir", - Conson deyib.

Qeyd edək ki, Conson, onun yerinə namizədliyini irəli sürdüyü müavini Kamala Harrisi də tənqid edərək, "Partiyanın gələcəyi fəlakətli siyasət uğursuzluqlarının ortağı olan Harrislə yaxşı olmayacaq" dedi. 

Nümayəndələr Palatasının Əksəriyyət lideri Respublikaçı Stiv Skaliz də Demokrat Partiyasının yüksək səviyyəli rəhbərliyini Baydenin namizədlikdən geri çəkilməsi ilə bağlı tənqid edib.

"Demokratik partiya rəhbərləri öz seçicilərinə qətiyyən hörmət etmədiklərini sübut etdilər" deyə Skalise yazıb. 

Florida ştatının respublikaçı senatoru Rik Skott da hesabında Consonun çağırışına qoşulub.

Günel Məlikzadə