Eks-deputatın qızının adı siyahıdan çıxarıldı – YAP-ın yeni namizədi
    • 22-07-2024, 10:39
    • 295

Eks-deputatın qızının adı siyahıdan çıxarıldı – YAP-ın yeni namizədi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik edib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, iyulun 17-də YAP İdarə Heyətinin qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb.

YAP-dan bildiriblər ki, İdarə Heyətinin 2024-cü il 19 iyul tarixli qərarı ilə Maniyeva Aygün Şaitdin qızı başqa namizədlə əvəz edilib.

Belə ki, növbədənkənar parlament seçkilərində YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.

Məlumata görə, Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.

Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub.

Daha sonra o, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilib. Ş.Əliyev MSK-ya parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi üzv seçilib. O, bir müddət MSK-nın sədr müavini də olub. Hazırda MSK üzvü kimi fəaliyyət göstərir.

Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi. 2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib.